Tale Heydərov: “Bunu klub prezidenti kimi yox, vətəndaş kimi edirəm”

Tale Heydərov: “Bunu klub prezidenti kimi yox, vətəndaş kimi edirəm”

“Bu cür böyük büdcəyə sahib, ötən mövsüm Fransa çempionatında 5-ci yeri tutmuş komanda ilə qarşılaşmada 1:1 hesabı böyük nəticədir. Bu nəticə hələ ki bizə sərf edir”.

Apasport.az saytının məlumatına görə, bunu Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Fransada “Lill” klubu ilə qarşılaşan “Qəbələ” klubunun prezidenti Tale Heydərov deyib.

T. Heydərov bildirib ki, komandaya maksimum güclərini ortaya qoymaq tapşırığı verilib: “Baş məşqçiyə və futbolçulara demişəm ki, biz bu mərhələni keçsək, onu sabiq kapitanımız Cavid Hüseynova ərməğan edəcəyik. Komanda olaraq sona qədər mübarizə apardılar”.

Klub prezidenti hazırda hücumçu axtarışında olduqlarını deyib. O, azarkeşləri komandaya stadionda dəstək verməyə də çağırıb: “Komandanın uğur qazanmasında bu amil vacibdi. Klub olaraq əlimizdən gələni edirik. Azarkeşlərin üzərinə də məsuliyyət düşür. “Qəbələ” Azərbaycanı təmsil edir. Təbii ki, komandamızı daim dəstəkləməliyik. “Qarabağ”, eləcə də digər klublarımız avrokuboklarda oynayan zaman stadiona gedir, dəstəyimi əsirgəmirəm. Bunu klub prezidenti kimi yox, vətəndaş kimi edirəm”.

T. Heydərov “Qarabağ”a da azarkeşlik etdiyini deyib: “Həm adına, həm də oyun üslubuna görə. Klubun rəhbərliyinə, baş məşqçisinə hörmətim var. Düzgün strategiya seçiblər. Azərbaycanı layiqincə təmsil edirlər. Onlar haqda fikrim müsbətdi. Yaxşı nəticə ilə dönüblər. Cavab oyununda uğurlar arzulayıram”.

T. Heydərov bildirib ki, komanda mərhələ adlasa mükafatın məbləği artırılacaq: “ Rəqibimiz 75 milyon büdcəsi olan klubdu. Onları mübarizədən kənarlaşdırmaq heç də asan olmayacaq. Çətin tapşırıqdı”.

0
17