Elmar Məmmədyarov Azərbaycanın dostlarını qəbul edib

Elmar Məmmədyarov Azərbaycanın dostlarını qəbul edib

Britaniyalı parlamentarilər Azərbaycanda gedən inkişaf proseslərindən məmnun olduqlarını bildiriblər.

Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Bob Blakmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, görüşdə Elmar Məmmədyarov Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən, tərəflər arasında əməkdaşlıq edilən əsas sahələr və inkişaf perspektivləri barədə nümayəndə heyətinə ətraflı məlumat verib.

Nazir enerji sahəsində, o cümlədən Azərbaycanın neft və qaz yataqlarının işlənilməsində və xam neftin ixracında əsas marşrut olan Bakı-Tbilisi-Ceyhan kəmərinin reallaşdırılmasında BP şirkəti ilə əməkdaşlığı yüksək qiymətləndirib.

Baş diplomat Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələr barədə danışıb və bu layihələrin iştirakçı dövlətlərə, ümumilikdə bütün regiona verəcəyi töhfələri izah edib.

Elmar Məmmədyarov Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin mahiyyəti və qarşıya qoyulan hədəflərdən söz açıb və ölkəmizin bu istiqamətdə atdığı addımları sadalayıb.

Azərbaycanın multikulturalizm və tolerantlıq üzrə dünyaya örnək ola biləcəyini vurğulayan nazir Elmar Məmmədyarov, ölkəmizdə əsrlər boyu müxtəlif dinlərə məxsus insanların sülh şəraitində yanaşı yaşadığını misal göstərib.

Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və bu münaqişənin həlli istiqamətində aparılan danışıqların cari vəziyyətinə toxunan Elmar Məmmədyarov, Azərbaycanın rəsmi mövqeyini bir daha Britaniyalı deputatların diqqətinə çatdırıb.

Britaniyalı parlamentarilər Azərbaycanda gedən inkişaf proseslərindən məmnun olduqlarını, ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurları təqdir etdiklərini bildiriblər.

Görüşün sonunda nazir Elmar Məmmədyarov qonaqların müxtəlif mövzular üzrə verdiyi suallarını cavablandırıb.

0
6