BMT: Son günlər Qarabağdan yüzlərlə insan qaçqın düşüb

BMT: Son günlər Qarabağdan yüzlərlə insan qaçqın düşüb

Dinc sakinlər arasında da ölənlər var.

Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi nəticəsində yüzlərlə sakin, əsasən də qadınlar və uşaqlar öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə BMT-nin baş katibinin nümayəndəsi Stefan Dyujarrik bildirib.

O, Cenevrədə BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarın İdarəsinin məlumatlarını açıqlayıb. 

“İdarənin məlumatına görə, Dağlıq Qarabağda bu günlərdə baş verən hərbi əməliyyatlar nəticəsində yüzlərlə sakin, əsasən də qadınlar və uşaqlar öz evlərini tərk etmək məcburiyyətində qalıblar”, - Dyujarrik bildirib və əlavə edib ki, köçkünlərin əksər hissəsi regionun şimali-şərq hissəsindəndir.

İdarənin məlumatına görə, insanlar Azərbaycanın digər rayonlarına qaçıb. 

Qaçqınlardan bəziləri zorakılıqdan qorunmaq üçün son 20 ildə bir neçə dəfə yaşayış yerlərini dəyişməli olduqlarını bildiriblər. 

“Qaçqınlarla İş İdarəsi dinc əhalinin həlak olması, evlərin və infrastrukturun dağılması haqqında da məlumat alıb”, - baş katibin nümayəndəsi bildirib. 

İdarənin saytında yerləşdirilən məlumata görə, Azərbaycan hökumətinə yeni köçkünlərin humanitar ehtiyaclarına reaksiya üçün yardım təklif edilib. 

0
24