Qəbələdə “Qafqaz Motor - Şou 2016” keçiriləcək

Qəbələdə “Qafqaz Motor - Şou 2016” keçiriləcək

Avqust ayının ilk istirahət günlərində Qəbələ şəhərində fəaliyyət göstərən “Qəbələnd” əyləncə mərkəzində “Qafqaz Motor - Şou 2016” avtomobil sərgisi keçiriləcək.

Sərgini Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) və “Autograph” TV proqramı təşkil edirlər. Rəsmi informasiya partnyorları Oxu.az və Avto FM 107.7 Radio-dur.

AADA-dan aldığımız məlumata görə, 2003-cü ildən başlayaraq artıq 14-cü dəfə keçirilən sərginin iştirakçıları – rəsmi avtomobil idxalçıları, distributor və dilerlər ən yeni modelləri nümayiş etdirəcəklər.

Sərgidə, həmçinin müstəqil avtoservislər, tuninq atelyeləri, müxtəlif avtoklubların da iştirakı gözlənilir.

“Motor-Şou” çərçivəsində AADA-nın konfransı da baş tutacaq. Avtomobil şirkətlərinin rəhbər və brend-menecerləri avtomobil sektorunun inkişafı ilə əlaqədar bir sıra məsələləri müzakirə edəcəklər.

Sərginin açılış günü AADA-nın “Gızıl Çarx” mükafatının təqdimat mərasimi keçiriləcək.

Ekspert sorğusunun nəticələrinə əsasən, “İlin avtodileri”, “İlin avtoservisi”, “Ən uğurlu marketinq siyasətinə görə”, “İlin təklifi”, “İlin debütu”, “İlin minik avtomobili”, “İlin SUV avtomobili”, “İlin ailə avtomobili (miniveni)”, “İlin idman avtomobili (idman kupesi)”, “İlin kommersiya avtomobili (veni)” nominasiyalarında müəyyən olunmuş qaliblər mükafat alacaqlar.

Sərginin rəsmi açılışı 6 avqust saat 19:00-da olacaq. Bütün avtomobillər örtüklə örtüləcək, iştirakçılar mini-prezentasiyalar, brifinqlər keçirəcəklər. Eləcə də “Qafqaz Motor-Şou 2016” çərçivəsində “Miss Avto-2016” gözəllik müsabiqəsi, iştirakçılar arasında kartinq yarışmaları, tamaşaçılar arasında müxtəlif uduşlu viktorinalar, konsert proqramları təşkil olunacaq.

Təşkilatçıların fikrincə, bu forumun əsas missiyaları ölkədə sivil avtomobil sektorunun inkişafına töhfə vermək, ən müasir avtomobilləri nümayiş etdirmək, gənclər arasında texniki idman növlərinə marağı artırmaq, regionda avtoturizmin və turizmin inkişafına xidmət və əhalinin maraqlı istirahətinin təşkilidir.

“Qafqaz Motor-Şou 2016” sərgisinin baş partnyoru “Castrol”, rəsmi tərəfdaşı isə “Qafqaz” otellər şəbəkəsidir.

0
25