Hərbçi olmaq istəyənlərin imtahanı keçiriləcək

Hərbçi olmaq istəyənlərin imtahanı keçiriləcək

1694 abituriyentdən 118 nəfəri Hərbi Tibb Məktəbinə, 1576 nəfəri isə hərbi liseylərə imtahan verəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 29-da Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı keçirəcək.

TQDK-dan Oxu.Az–a verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 3 binada təşkil olunacaq.

İmtahanda 1694 abituriyentin (Bakı şəhərində 1023 nəfər, Naxçıvan şəhərində 671 nəfər) iştirakı nəzərdə tutulur. Onlardan 118 nəfəri Hərbi Tibb Məktəbinə, 1576 nəfəri isə hərbi liseylərə imtahan verəcək.

İmtahanın idarə olunmasına 15 imtahan rəhbəri, 140 nəzarətçi-müəllim cəlb edilib.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq və 2 saat davam edəcək.

İmtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

0
15