İlham Əliyev Şirvandakı partlayışla bağlı Komissiya yaratdı

İlham Əliyev Şirvandakı partlayışla bağlı Komissiya yaratdı

Azərbaycan prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin (MSN) “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın xəbərinə görə, sərəncama əsasən baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə MSN-nin Şirvan şəhərində yerləşən “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:

Komissiyanın sədri:

Yaqub Eyyubov – Azərbaycan Respublikası baş nazirinin birinci müavini

Komissiyanın üzvləri:

Yavər Camalov – Azərbaycan Respublikasının müdafiə sənayesi naziri
Zakir Həsənov – Azərbaycan Respublikasının müdafiə naziri
Zakir Qaralov – Azərbaycan Respublikasının baş prokuroru
Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Vilayət Eyvazov – Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini
Səlim Müslümov – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Faiq Tağı-zadə – Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Abbas Vəlibəyov – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Mərdan Camalov – Şirvan şəhər İcra Hakimiyyətinin başçısı.

Sərəncamla müəyyən olunub ki, Dövlət Komissiyası hadisənin səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirməli və həyata keçirməli, hadisə nəticəsində xəsarət alanların müalicəsini və onlara digər zəruri yardım göstərilməsini təmin etməli, görülmüş işlər haqqında Azərbaycan prezidentinə məlumat verməli, Baş Prokurorluq Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş hadisə ilə əlaqədar istintaq tədbirlərini həyata keçirməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı “Araz” zavodunda partlayış baş verib. Müdafiə Sənayesi Nazirliyinin yaydığı məlumata görə, partlayış nəticəsində ölən yoxdur, 11 nəfər yüngül xəsarət alıb.

0
21