Bu il 1154 nəfər narkotiklərin əldə etmə və saxlamasına görə həbs edilib

Bu il 1154 nəfər narkotiklərin əldə etmə və saxlamasına görə həbs edilib

“Xaş-Xaş 2016” adı altında 101 tondan artıq narkotik tərkibli bitkilər məhv edilib

Bu il narkotiklərin qanunsuz olaraq əldə etmə və saxlamasına görə 1154 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından Oxu.Az–a verilən məlumata görə, bu ilin 6 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizənin nəticələrinə dair məlumatda bildirilib ki, faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 630 kq-yə yaxın müxtəlif növ narkotik vasitə və o cümlədən 7631 ədəd çətənə kolu müsadirə olunub.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 396 kq marixuana, 175 kq tiryək, 1 tondan artıq heroin, 17 kq həşiş, və 11848 ədəd həb təşkil edib. Həmçinin “Xaş-Xaş 2016” şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib-becərilən və yabanı halda bitmiş 101 tondan artıq narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilib.

Cinayət məsuliyyətinə 1154 nəfər cəlb edilib ki, onlardan 1-i 18 yaşadək, 80-i 18-25 yaşadək, 206-ı 26-29 yaşadək, 867-i 30 yaşdan yuxarı, 8-i fəhlə, 5-i maddi məsul şəxs, 1023-ü işləməyənlər, 1141-i kişilər, 13-ü qadınlar, 11 nəfəri isə xarici ölkə vətəndaşları olub ki, onlardan da ümumilikdə 515 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb. Əcnəbilərdən 6-ı İran İslam Respublikası, 2-i Gürcüstan, 1-i Hindistan,1-i Belarusiya, 1-i isə Türkmənistan Respublikasının vətəndaşı olub.

0
9