Hərbi prokurorluq 76 şəxs barəsində cinayət işini tamamlayıb

Hərbi prokurorluq 76 şəxs barəsində cinayət işini tamamlayıb

“Ordudakı cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb”.

2016-cı ilin birinci yarısında hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çox epizodlu cinayət hadisələri aşkarlanaraq qeydə alınıb və bu qəbildən olan bir sıra işlərin istintaqı tamamlanıb.

Xanlar Vəliyev bu gün Hərbi Prokurorluqda keçirilən geniş kollegiya iclasında məlumat verib.

X.Vəliyev qeyd edib ki, hesabat dövründə dövlət əmlakının külli miqdarda mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslər cinayət məsuliyyətinə cəlb edilib.

X.Vəliyev həmçinin qeyd edib ki, cari ilin altı ayında hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 25 nəfər tutularaq istintaqa cəlb edilib. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 72 yoxlama keçirilib, nəticədə 935 qanun pozuntusu aşkar edilib.

Qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 105 təqdimat göndərilib, 120 nəfərə xəbərdarlıq edilib, 11 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 72 yazılı göstəriş verilib. Prokurorun təqdimatlarının baxılması nəticəsində 207 nəfər intizam məsuliyyətinə cəlb edilib.

Diqqətə çatdırılıb ki, hərbi prokurorluq orqanları tərəfindən 2016-cı ilin birinci yarımilində korrupsiya hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək bu xarakterli faktlar üzrə 76 şəxs barəsində 61 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

0
16