Yeni özəlləşdirməyə regionlardan başlanacaq

Yeni özəlləşdirməyə regionlardan başlanacaq

Bu proses üçün Azərbaycana beynəlxalq məsləhətçilər və ekspertlər dəvət olunub.

Azərbaycanda özəlləşdirmə prosesi bərpa olunandan sonra ilk növbədə bölgələrdəki müəssisələrin özəlləşdirilməsinə başlanacaq.

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yeni yaratdığı Özəlləşdirmə Portalınınn təqdimat mərasimində bildirilib.

İctimai təqdimatda ƏMDK-nin sədr müavini Rafiq Cəlilov bildirib ki, dövlət başçısının fərman və tapşırıqlarına uyğun olaraq özəlləşdirilmə sahəsində yeni çağırışlar və müasir yanaşmalar tətbiq olunacaq. Sədr müavini bildirib ki, artıq prezidentin tapşırıqlarına uyğun olaraq ƏMDK bu sahədə fəal tədbirlərə başlayıb: “Komitə özəlləşdirmə sahəsində uğurlu beynəlxalq təcrübəni öyrənib, özəlləşdirməyə çıxarılacaq müəssisələrin siyahısı hazırlanıb və təhlil edilib.

Komitə tərəfindən Bakı və regionlarda müəssisələrin gələcək özəlləşdirmə perspektivləri, belə müəssisələrə yeni strateji xarici investorların cəlb edilməsi, həmçinin müəssisələrin iqtisadi durumu araşdırılıb. Bu proseslərə beynəlxalq məsləhətçilər və ekspertlər dəvət olunub. Həmin ekspertlərin özəlləşmənin optimal üsulları, strateji sahələrin idarəetməyə verilməsi və ya özəlləşdirilməsi istiqamətində tövsiyələri nəzərə alınıb”.

Sədr müavini qeyd edib ki, ölkə prezidentinin tapşırığına əsasən ilk növbədə regionlarda rəqabət qabiliyyətli potensialı olan fəaliyyəti dayanmış müəssisələrin özəlləşdirilməsinə üstünlük veriləcək. Bu yanaşma regionlarda sahibkarlığın inkişafı və iqtisadi aktivliyi artırmalıdır.

0
9