Ölkədə özəlləşdirmə elektron hərraclarla da aparılacaq

Ölkədə özəlləşdirmə elektron hərraclarla da aparılacaq

Yeni Portal özəlləşdirmə prosesinin daha optimal və şəffaf aparılması üçün nəzərdə tutulub.

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi prosesi adi qayda ilə yanaşı, həm də elektron hərraclar vasitəsilə aparılacaq. Bu, Əmlak Məsələləri Dövlət Komitəsinin bu gün istifadəyə verdiyi Özəlləşdirmə Portalı vasitəsilə həyata keçiriləcək.

Oxu.Az xəbər verir ki, yeni portal özəlləşdirmə prosesinin daha optimal və şəffaf aparılması üçün nəzərdə tutulub. Portaldan əhali, biznes, investorlar və digər maraqlı tərəflər istifadə edə biləcək.

privatization.az portalının qurulması və funksionallığının müəyyən edilməsində beynəlxalq məsləhətçilərin də rəy və tövsiyələrindən istifadə edilib. Xarici təcrübəyə əsaslanaraq, portalda xarici investorların Azərbaycanı seçməsi üçün səbəbləri göstərən keçid “Why Azerbaijan” (Niyə Azərbaycan) mövcuddur.

Burada Azərbaycanın əlverişli coğrafi mövqeyi xüsusi vurğulanır. Belə ki, ölkə Avropa ilə Asiya arasında dəhliz rolunu oynayır və hazırda iri logistika mərkəzinə çevrilməkdədir.

Yaxın gələcəkdə özəlləşmə ilə bağlı keçiriləcək bütün növ hərracların elektron formada tətbiqi üçün də portaldan istifadə ediləcək. Bu da öz növbəsində, sahibkarlarla məmurlar arasında ünsiyyəti aradan qaldırmaqla bu prosesdə tam şəffaflığı təmin edəcək.

Olduqca rahat dizayna malik olan portalda Azərbaycan haqqında, ölkədə biznes mühiti, özəlləşdirmənin qanunvericilik bazası, özəlləşdirməyə açıq elan edilmiş müəssisələr barədə ətraflı məlumatlar yerləşdirilib.

İnvestorlar üçün faydalı informasiyalar, statistik göstəricilər, özəlləşdirmə sahəsində baş verən son xəbərlər və bu prosesə dair rəylər ayrı-ayrılıqda mövcud olan linklər vasitəsi ilə çatdırılır. Portalda göstərilən məlumatların etibarlılığını təmin etmək üçün onların istinad mənbələri də göstəriləcək.

Portal iki dildə (Azərbaycan və ingilis dillərində) təqdim edilir və burada olan məlumatların sosial şəbəkələrdə paylaşılması imkanları da mövcuddur. Portalda, həmçinin özəlləşmə prosesində iştirak edən və potensial investorlar üçün yarana biləcək sualların daha çevik və dolğun şəkildə cavablandırılması məqsədi ilə “onlayn əlaqə” xidməti də fəaliyyət göstərəcək.

Tədbirin yekununda qeyd olunub ki, yeni portal ölkədə özəlləşdirmə sahəsində həyata keçirilən tədbirlərin işıqlandırılması, bu sahədə şəffaflığı və çevikliyi, özəlləşdirmə prosesinə geniş ictimaiyyətin və strateji investorların cəlb edilməsini təmin edəcək.

0
128