Los-Ancelesdə Azərbaycan klassik musiqisinə həsr olunan gecə keçirilib

Los-Ancelesdə Azərbaycan klassik musiqisinə həsr olunan gecə keçirilib

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda ABŞ-ın nüfuzlu tibb ocaqlarından olan Cedars-Sinai Tibb Mərkəzinin “Bir Ürək Xilas Et” Fondunun üzvləri üçün Azərbaycan klassik musiqisinə həsr olunan gecə keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən xəbərə görə, tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev milli musiqi sənətimizin tarixindən bəhs edərək Azərbaycanın klassik musiqi janrı haqqında məlumat verib.

O, 2013-cü ildə “Arşın mal alan” operettasının Los-Ancelesdə, 2014-cü ildə isə “Yeddi gözəl” baletinin San-Dieqo şəhərində keçirilmiş ABŞ premyeralarını və bu premyeraların minlərlə amerikalı tərəfindən izlənilməsini mədəniyyət hadisələri kimi qeyd edib.

Eyni zamanda, 1977-ci ildə Azərbaycan muğamının NASA tərəfindən dünyanın 27 nadir musiqi əsəri sırasına daxil edilərək Voyager uçuş aparatları vasitəsilə kosmosa göndərildiyini diqqətə çatdırıb.

Baş konsul Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycan musiqisi və mədəniyyətinin qorunması və dünyada tanıdılması sahəsində böyük işlər gördüyünü söyləyib.

“Bir Ürək Xilas Et” Fondunun rəhbərləri İzhar Xaruzi və Esfir Blauqrundun da çıxış etdikləri tədbirdə “Arşın mal alan” operettasının və “Yeddi gözəl” baletinin ABŞ premyeralarından fraqmentlər nümayiş etdirilib, tədbir iştirakçılarına Azərbaycana, xüsusilə onun musiqi və mədəniyyətinə dair müxtəlif nəşrlər və disklər təqdim olunub.

Aytən Sadıqzadə

0
16