Los Ancelesdə Azərbaycan musiqisinə həsr olunmuş gecə keçirilib

Los Ancelesdə Azərbaycan musiqisinə həsr olunmuş gecə keçirilib

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda ABŞ-ın ən nüfuzlu tibb ocaqlarından olan Cedars-Sinai Tibb Mərkəzinin “Bir Ürək Xilas Et” fondunun üzvləri üçün Azərbaycan klassik musiqisinə həsr olunmuş tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev milli musiqi sənətimizin tarixindən bəhs edərək, Azərbaycanın klassik musiqi janrı haqqında məlumat verib. Dünya musiqi tarixində ölkəmizin bir sıra yeniliklərə imza atdığını vurğulayan diplomat, bu səpkidə müsəlman dünyasında ilk opera, operetta və baletin məhz Azərbaycanda yarandığını qeyd edib.       

Azərbaycanın Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahi bəstəkarlarının olduğunu bildirən baş konsul, klassik musiqi sənətimizin inkişafında bu incəsənət xadimlərinin əvəzolunmaz rolundan bəhs edərək, onların dünyanın mədəniyyət yaddaşına həkk olunmuş əsərlərindən söz açıb.

Azərbaycan musiqisinin ABŞ-da geniş təbliğ olunmasına Baş Konsulluğun daim xüsusi diqqətlə yanaşdığını bildirən diplomat, bu səpkidə 2013-cü ildə “Arşın Mal Alan” operettasının Los Ancelesdə, 2014-cü ildə isə “Yeddi Gözəl” baletinin San Dieqo şəhərində uğurla keçirilmiş ABŞ premyeralarını və bu premyeraların minlərlə amerikalı tərəfindən izlənilməsini böyük mədəniyyət hadisələri kimi qeyd edib. 

Eyni zamanda, diplomat, qədim tarixə malik Azərbaycan muğam məktəbi barədə də danışıb. Muğam məktəbimizin dünya musiqisinə verdiyi töhfələrin önəmindən bəhs edən baş konsul, 1977-ci ildə Azərbaycan muğamının NASA tərəfindən dünyanın 27 nadir musiqi əsərləri sırasına daxil edilərək, Voyager uçuş aparatları vasitəsilə kosmosa göndərildiyini diqqətə çatdırıb.
 
Sonra baş konsul, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Azərbaycan musiqisi və mədəniyyətinin qorunması və dünyada tanıdılması sahəsində böyük işlər gördüyünü diqqətə çatdıraraq, bütün bunların zəngin mədəni irsimizin gələcək nəsillərə çatdırılması baxımından yüksək önəm daşıdığını qeyd edib.

“Bir Ürək Xilas Et” fondunun rəhbərləri İzhar Xaruzi və Esfir Blauqrundun da çıxış etdikləri tədbir zamanı, “Arşın Mal Alan” operettasının və “Yeddi Gözəl” baletinin ABŞ premyeralarından fraqmentlər nümayiş etdirilib, tədbir iştirakçılarına Azərbaycana, xüsusilə onun musiqi və mədəniyyətinə dair müxtəlif nəşrlər və disklər təqdim olunub.

0
25