Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradıldı

Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradıldı

İlham Əliyev fərman imzaladı.

Prezident İlham Əliyev aprelin 11-də “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb.

Oxu.Az-ın məlumatına görə, prezidentin fərmanı ilə Mənzil İnşaatı Dövlət Agentliyi haqqında Əsasnamə və Agentliyin strukturu təsdiq edilib. Mənzil İnşaatı Dövlət Agentliyinin işçilərinin ümumi say həddi 60 ştat vahidi müəyyənləşdirilib, Agentliyin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Fərmana əsasən, “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi və nizamnamə kapitalının müəyyən olunması, habelə Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəsaiti hesabına inşa edilən çoxmənzilli binaların podratçıları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müsabiqə yolu ilə seçilir.

Cəmiyyətin vəsaiti hesabına inşa edilən çoxmənzilli binaların podratçılarına tamamlanmış işlər üzrə ödənişin həyata keçirilməsinə yol verilən tikinti işlərinin mərhələlərini və ödəniş şərtlərini Mənzil İnşaatı Dövlət Agentliyi müəyyənləşdirir. 

Eyni zamanda, Cəmiyyətin vəsaiti hesabına inşa edilən çoxmənzilli binaların tikinti işlərini aparacaq podratçılarla bağlanacaq müqavilənin yerinə yetirilməsinin təminatı məqsədi ilə işin smeta üzrə dəyəri nəzərə alınmaqla, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən müəyyən edilən və podratçılarla bağlanılan müqavilədə əks olunan məbləğdə bank zəmanəti tələb edilir.

Nazirlər Kabinetinə tapşırılır ki, ərazi zonalaşdırılması və ərazi planlaşdırılması baxımından yaşayış zonalarına (həyətyanı sahələri olan fərdi yaşayış və bağ evlərinin tikintisi üçün nəzərdə tutulan ərazilər istisna olmaqla) və ictimai-işgüzar zonalara aid edilən, hüquqi və fiziki şəxslərin istifadəsində və ya icarəsində olmayan dövlət mülkiyyətindəki torpaq sahələrinin Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilməsini təmin etsin.

Fərmana əsasən, “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilən torpaq sahələrində inşa ediləcək tikinti obyektlərinin tikinti ərazisinədək mühəndis-kommunikasiya təminatı sistemi və xətləri dövlət büdcəsinin vəsaiti hesabına çəkiləcək.

Cəmiyyətin sərəncamına verilən torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində və dövlət torpaq kadastrında qeydiyyatı da dövlət büdcəsinin vəsaiti hesabına aparılacaq.

Mənzil İnşaatı Dövlət Agentliyinə Cəmiyyətin sərəncamına verilən torpaq sahələrində inşa edilən çoxmənzilli binalardan vətəndaşların mənzilləri güzəştlərlə əldə etməsi qaydasına dair təklifləri iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

0
33