700 bal toplayan gənc: Televizor və sosial şəbəkələrdən uzaq idim

700 bal toplayan gənc: Televizor və sosial şəbəkələrdən uzaq idim

Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də II və III ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları ) üçün keçirilən qəbul imtahanının nəticələri elan edib.

İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Bakı şəhəri, İ.Hacıyev adına “Tərəqqi” liseyi və BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə də 2 abituriyent (Kürdəmir rayonu, 2 saylı şəhər orta məktəbi və Bakı şəhəri, 220 saylı məktəb-liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Oxu.Az-ın AzVision.az-a istinadən məlumatına görə, qəbul imtahanında 700 bal toplayan abituriyentlərdən biri Kürdəmir şəhər 2 saylı tam orta məktəb-liseyin şagirdi Qasımov Təbriz Nazim oğludur.

T.Qasımov qəbul imtahanlarında ən yüksək bal toplayacağını gözləmədiyini deyib.

“Bu nəticəni əldə etmək üçün 2 il gecə-gündüz çalışdım. İmtahana hazırlaşdığım zaman televizor və sosial şəbəkələrdən uzaq oldum. Müəllimlərim mənə inanırdılar. Onlara təşəkkürümü bildirirəm. Bu nəticəni müəllimlərimin və valideynlərimin dəstəyi ilə əldə etmişəm. Hələlik hansı ali təhsil müəssəsinə sənəd verəcəyimi dəqiqləşdirməmişəm. Yaxın günlərdə bu barədə qərarımı verəcəyəm”.

0
13