Dörd rayonda partlamamış hərbi sursat tapıldı

Dörd rayonda partlamamış hərbi sursat tapıldı

Son 4 gündə.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) aprelin 7-dən 11-dək Tərtər, Ağcabədi, Ağdam və Goranboy rayonlarında aşkar olunan partlamamış hərbi sursat (PHS) haqqında hesabatı təqdim edib.

ANAMA-nın mətbuat xidmətindən Oxu.Az-a bildiriblər ki, agentliyin mütəxəssisləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndində 42 ev və həyətyanı sahəyə baxış keçirilib. Nəticədə 85 millimetrlik iki, 122 millimetrlik bir və 120 millimetrlik dörd top mərmisi aşkar edilərək götürülüb. Həmin sursatın ətrafında 5400 kvadratmetr ərazi yerüstü yoxlanılıb və heç bir təhlükəli sursat aşkar edilməyib. Qarağacı kəndində 10 ev və həyətyanı sahəyə baxış keçirilib və sursatın tam partladılmış olması müəyyən edilib. Ümumilikdə Tərtərin Qapanlı və Qarağacı kəndlərində yeddi partlamamış hərbi sursat götürülərək zərərsizləşdirilib.

Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində bir evin həyətyanı sahəsinə düşmüş 122 millimetrlik top mərmisi aşkar olunub. Ərazidə 1000 kvadratmetr sahə yerüstü yoxlanılıb və heç bir təhlükəli sursat aşkar olunmayıb. Mirzəhaqverdili kənd sakini Əbülfəz Zeynalovun həyətinə baxış keçirilib və düşən sursatın tam partlamış olması müəyyən edilib.

Ağdam rayonunun Təzəkənd kəndində kənd sakini Malik Əliyevin həyətinə baxış keçirilib. Baxış zamanı həyətdəki tikilinin küncündə partlamamış 122 millimetrlik bir top mərmisi aşkar olunub və zərərsizləşdirilib. Ərazidə 800 kvadratmetr həyətyanı sahə yerüstü yoxlanılıb. Kəndin ərazisində əlavə sursat aşkar edilməyib. Orta Qərvənd kəndində bir ədəd 122 millimetrlik partlamamış top mərmisi aşkar olunub və zərərsizləşdirilib. Həmin sursatın ətrafında 1100 kvadratmetr əraziyə yerüstü baxış keçirilib.

Çıraqlı kəndində iki evə top mərmisi düşərək partlayıb. Mahrızlı və Zəngişalı kəndlərində 7 evə düşən qrad mərmilərinin yeri yoxlanılıb və raketlərin partlamış hissələri 1,5-2,5 metr dərinlikdən çıxarılıb. Ümumilikdə Ağdam rayonunun 5 kəndində (12 ərazidə) tək sursat əməliyyatı aparılıb. Nəticədə 122 millimetrlik partlamamış iki top mərmisi götürülərək zərərsizləşdirilib. İki top mərmisi və 7 Qrad mərmisinin düşdüyü ərazi yoxlanılıb və sursatın qalıqları çıxarılıb.

Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində 52 ev və həyətyanı sahəyə, bir kənd qəbiristanlığının və bir kənd orta məktəbinin ərazisinə düşən 47 “BM-21” Qrad raketi və 16 top mərmisinin düşüb partladığı ərazilər yoxlanılıb və sursatların qalıqları çıxarılıb. Partlamamış 100 millimetrlik bir top mərmisi aşkar olunaraq zərərsizləşdirilib.

Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən 11-dək Tərtər, Ağcabədi, Ağdam və Goranboy rayonlarında 121 ev və həyətyanı sahələrə baxış keçirilib, 12 PHS aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentliyin xüsusi təyinatlı mobil çevik qrupları tərəfindən təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.

0
16