Nazir: Gələcəkdə dopinq mövzusu siyasi təzyiqlər kimi istifadə oluna bilər

Nazir: Gələcəkdə dopinq mövzusu siyasi təzyiqlər kimi istifadə oluna bilər

“Boksçularımızı olimpiyadaya buraxmaq istəmirdilər”.

Dopinqlə bağlı idmançılara psixoloji təzyiq göstərmək düzgün deyil.

Oxu.Az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə bildirib.

O qeyd edib ki, idmançıları yoxlayan idman qurumlarını, yəni nazirliyi, olimpiya komitəsini yoxlamaq lazımdır.

“Bizi yoxlamaq lazımdır ki, görsünlər biz idmançıları necə yoxlayırıq, bu iş necə təşkil edilir.

Biz kollektiv cəzanın əleyhinəyik. Niyə “təmiz” idmançı Olimpiyadada iştrak etməli deyil? Qorxuram ki, gələcəkdə dopinq mövzusu siyasi təzyiqlər kimi istifadə oluna bilər.

Biz qeyri-yarış dopinq testlərində zəif olduq. Bu həm də mənim səhfimdir. Bununla əlaqədar bu il 60 qeyri-yarış dopinq testlər keçirilməsi planlaşdırılır.

A.Rəhimovun sözlərinə görə, olimpiyadadan əvvəl Azərbaycanın bütün idmançıları dopinq yoxlamasından keçib:

“Ümumdünya Antidopinq Agentliyinin əməkdaşı yoxlama aparıb. Qan analizləri gömrük yoxlamasından buraxılmayıb. Buna görə boksçularımızı olimpiadaya buraxmaq istəmirdilər.
Gecə ilə Antidopinq şöbəmizin müdiri İradə Rüstəmzadə və Azərbaycan Boks Federasiyasının icraçı direktoru Nağı Səfərov Bakıdan Kölnə uçaraq analizləri yenidən təqdim ediblər. Nəticədə heç bir problem aşkarlanmayıb. Sanki burada kriminal insanlar oturub. Hamısı Azərbaycanı yoxlamaq istəyib”.

A.Rəhimov Rusiya idmançılarının olimpiyadaya buraxılmasına çox sevindiyini bildirib:

“Çünki onlarsız rəqabət azalardı. Bəziləri düşünür ki, bizim daha yüksək nəticələr göstərməyimiz üçün yaxşıdır. Amma biz belə düşünmürük. Rusiyalı idmançıların olmaması rəqabətin itməsinə, olimpiya ideyalarına zərbə olardı”.

0
7