Keçmiş prokuror sirləri açır: “Kripto sistemimizə saxta əmr yüklənmişdi...”

Keçmiş prokuror sirləri açır: “Kripto sistemimizə saxta əmr yüklənmişdi...”

Türkiyə hərbi hava qüvvələrinin keçmiş baş prokuroru Əhməd Zəki Üçokun APA-ya müsahibəsi

- Siz 5 il həbsdə olmusunuz. Buna səbəb isə FETÖ ilə apardığınız mübarizə olduğu bildirilir...

- Mən 2009-cu ildə Türkiyə Hərbi Hava Qüvvələrində baş prokuror işləyərkən Kayseri  2-ci hava təkmilləşdirmə və nəzarət komandanlığında ordunun xalqla qarşı-qarşıya gətirilməsinin məqsədini araşdırmağa başladım: çünki  “Ergenekon” deyilən proses üzərindən saxta əmr bizim kripto sistemimizə yüklənmişdi. Hava qüvvələrinə müraciət ediləndən sonra mən Kayseriyə gedib gördüm ki, bizim sistemimizə əmr çox peşəkarcasına yüklənib. Daha sonrakı kriminal araşdırmalarda imzaların gerçək əmrdən kəsilib yapışdırıldığını ortaya çıxardıq. Guya “Ergenekon” prosesindən həbs edilmiş bir polkovnikə yardım kampaniyasının başladılması üçün bir general əmr verib, əmr  gizli saxlanmalı, yerinə yetiriləndən sonra cırılıb - atılmalıymış. Bizim sistemimizdə hər bir yazı avtomatik qeyd edilir, qeydləri analiz etdirərkən bu işin kəşfiyyat otağında görüldüyünü öyrəndik. Bir çavuşu nəzarət altına alıb sorğu-suala çəkdim. Çavuş İşıq evlərində böyüdüyünü, “abi”lərinin təlimatıyla hərbi məktəbə getdiyini, İzmirdə məktəbi bitirəndən sonra Kayseriyə göndərildiyini, orada onu başqa “abi”lərin qarşıladıqlarını, ev tutduqlarını, Gülən icmasının 3 başqa üzvüylə birlikdə orduda fəaliyyətə başladıqlarını dedi. Daha sonra Gülən icmasının başqa bir “abi”si gələrək ordudakı zabitlərlə bağlı məlumat toplamalarını bunlara tapşırır. Bunlar ordudakı zabitlərin şəxsi həyatına, namaz qılıb-qalmadıqlarına qədər bütün məlumatları toplayırlar. Daha sonra zabit və generalların adından saxta əmrlər hazırlayaraq xalqı orduya qarşı qaldırmaq üçün iş yerlərinə, marketlərə, mağazalara göndərirlər. Türkiyə Silahlı Qüvvələrini terror təşkilatlarıyla əlaqələndirmək üçün bəzi işləri görürlər. Biz bu və ya digər bu kimi xeyli şey müəyyənləşdirdik. O adamları istintaqa cəlb edəndən sonra FETÖ-nün media qurumlarında heç kimin ağlına-xəyalına gəlməyəcək böhtanlar yazılmağa başladı. Guya biz o adamlara dərman verib danışdırırdıq, guya onlara demişəm ki, sizi kimyəvi turşu quyularına atacağıq. FETÖ mənə qarşı bunları yazdıqca mən o adamları tibbi ekspertizadan keçirib hesabatlar alır, işə o cür davam edirdim, 35 raport aldırdığımı xatırlayıram. Üstümə atmağa başqa böhtan tapmayanda dünya hüquq tarixinə keçəcək olan bir şey icad etdilər: guya mən o 3 nəfərdən hipnozla ifadə alırmışam. O vaxtlar o  təşkilatın bir imici vardı: kasıb uşaqlarını oxudurlar, dinlər arasında dialoq yaradırlar, çox ülvi icmadır və s. Halbuki bizim prokurorluğumuz o vaxt onların gerçək simasını ortaya qoydu. Türkiyə Silahlı Qüvvələri içərisində qeyri-leqal təşkilat quraraq hərbçilər barədə saxta məlumatlar yaydıqlarını, ordunu böldüklərini, gizli əmrləri oğurladıqlarını, saxta əmrlər yazıb gerçək əmr kimi bizim kriptolu sistemimizə yüklədiklərini, ordu ilə xalqı qarşı-qarşıya gətirməyə və ordunu terror təşkilatlarıyla əlaqələndirməyə çalışdıqlarını ifşa etdik. Məni həbs edəndən sonra hipnoz məsələsini tibbi ekspertizaya göndərdilər. Görün, bunlar bütün qurumlarda necə təşkilatlanmışdılar ki, tibbi ekspertiza mənim əməllərimdə hipnoz metoduna rast gəlinmədiyini, ancaq praporşiklər bunu deyirlərsə, demək ki, ola biləcəyini yazdı. Hipnoz məsələsindən məhkəmə mənə 7.5 il həbs cəzası verdi, Ali Məhkəmə işi təsdiq etdi, Konstitusiya Məhkəməsi isə 1 səs fərqiylə mənə qarşı qanun pozuntusu olduğuna hökm etdi. Tibbi ekspertizanın FETÖ-nün nəzarətində olması isə heyrət doğururdu. Ali Məhkəmənin 160 üzvü vardı, bir idarənin 5 üzvündən 4-ü mənim qərarımın əleyhinə səs vermişdi, FETÖ-nün oradakı gücünü görün. O vaxt mənim icraatımda Qərargah evləri və Heron xəyanəti istintaqları da vardı. Hazırladığım ittihamnamədə Kayseridəki 3 praporşikin o dönəmin xüsusi səlahiyyətli prokurorları olan Zəkəriyya Öz və Fikrət Seçən ilə yaxın əlaqələrinin olduğunu müəyyənləşdirmişdim. Mən Türkiyə hüquq tarixində ilk dəfə Fətullah icmasının Fətullah terror təşkilatı olduğuna dair ittihamnamə hazırladım. ”Konstitusion quruluşu dəyişdirmə” ittihamını bu təşkilata yönəltmişdim, ittihamnaməni tamamlamaq üzrəydim, sənədləri analiz etmək üçün cihaz almışdıq, 8-10 günə ittihamnaməni tamamlayıb məhkəməyə təqdim edəcəkdim ki, xüsusi səlahiyyətli məhkəmənin prokuroru Hikmət Usta məni “Əziz Yıldırıma yağma” ittihamıyla İstanbula dəvət etdi. Baş qərargaha gedib dedim ki, məni İstanbula həbs etməyə çağırırlar. Baş qərargahın o vaxtkı rəisi İlkər Başbuğa xəbər göndərdim. İlkər paşa hüquqa güvəndiyini deyərək İstanbula getməyimi istəmişdi. Mən ona ikinci dəfə xəbər göndərdim ki, siz FETÖ-nü tanımırsınız, məni tutacaqlar, işlərimiz yarımçıq qalacaq, sonra növbə sizə gələcək. İlkər Başbuğ yenə İstanbula getməyimi istədi. Getdiyim gün məni həbs etdilər, 4 il 10 ay həbsdə qaldım. Həbs ediləndən sonra haqqımda başladılan təhqiqatların ardı-arxası kəsilmədi. Məhkəmənin qərarıyla 4 dəfə həbs edildim, haqqımda 27 iş qaldırıldı, Allaha şükür, o işlərin hamısı bitdi, təkcə Konstitusiya Məhkəməsində bir iş qalıb, o da mənim lehimə bitəcək. Məni həbs edənlərin hamısı indi FETÖ-nün üzvü kimi işdən çıxarılıb, hamısının haqqında FETÖ-yə üzv olmalarına görə cinayət işi qaldırılıb. Mənim yanımda işləyib əleyhimə ifadə verənlərin hamısını işdən çıxardılar. Onlar mənim əleyhimə ifadə verib demişdilər ki, 3 ədəd bahalı qələmi hansı pulla alıb? Hamısı 400 dollar etmirdi. Mən hərbi hakim-prokurorlar arasında evi olmayan yeganə adam idim, indi də evim yoxdur. Yazırdılar ki, mənim 90 villam var. Əleyhimə minlərlə alçaq böhtan yazdılar. İşə 5 gün əvvəl başlayan 19-20 yaşlı adamlar bu işlərə necə cəsarət edə bilirdilər? Çünki onlar hakim-müstəntiq yox, partizan idilər, onlar özlərini bir nəfərə həsr etmişdilər. Ona görə bunlar öz Məclisimizi bombalamaqdan çəkinmədilər. Bunların PKK, İŞİD terror təşkilatlarından heç bir fərqi yoxdur.

- Sizinlə eyni dönəmdə hava qüvvələri komandanlığına yeganə  namizəd, ordu generalı Bilgin Balanlı da həbs edildi. Məqsəd hava qüvvələrini tamamilə ələ keçirib xalqa qarşı terror əməlləri törətmək idimi?

- Balanlı paşa məndən təxminən 20 ay sonra həbs edildi. Təəssüf ki, işin əvvəlində baş qərargah rəisi İlkər Başbuğun “Türk ədliyyəsinə güvənək” yanaşması Türk ordusunun ən yaxşı kadrlarını FETÖ partizanlarının qucağına verdi. İlkər Başbuğ özü tutulandan sonra FETÖ-nün ədliyyəsinə güvənməkdə yanıldığını etiraf etdi.

- Baş qərargahda bunu idrak və analiz edən hüquqçular yox idimi?

- Daha sonra casusluq istintaqları çıxdı. O vaxt mən baş qərargah rəisi İlkər Başbuğa və 4 qüvvə komandanına məktub yazdım. Hamısının məzmunu eyniydi. Baş qərargahın hüquq müşavirliyinin bu prosesləri çox pis analiz etdiyini, hərbi prokurorluqların bu işlərə müdaxilə etməsini, universitet müəllimlərindən, məsələn, indi Türkiyə Vəkillər Kollegiyaları Birliyinin başqanı professor Mətin Feyzioğlu kimi - kömək istənilməsini təklif etmişdim. Təsəvvür edirsinizmi, məktublar təxminən 1 aydan sonra o vaxtlar FETÖ-nün əsas tətikçisi olan “Bu gün” qəzetində çıxdı. Bəlkə inanmayacaqsınız, o məktubda yazdıqlarım bu gün eynilə baş verdi. Məktubların əlyazmasını qəzetdən almaq istədim, dedilər ki, FETÖ-nün kadrları qəzetdən gedəndə arxivlərin hamısını dağıdıblar. İnsanlar yavaş-yavaş FETÖ-nü tanıdılar və onları ordumuza atdığı böhtanların hamısının xəyal məhsulu olduğunu gördülər. Həbsxanada ordudakı hər rütbə və vəzifədən olan hərbçilər vardı. Biz bir yerə yığışıb ortaq ağıl yaratdıq: dedik ki, məsələn, Balyoz prosesində 1-ci ordudan oğurlanmış gerçək sənədlər də var. Bunları kim verə bilərdi? Bir sənədi əldə etmək üçün neçə zabitin səlahiyyəti vardı? Məsələn, 3 nəfərin. Baxdıq ki, onlardan ikisi həbsdədir, üçüncü zabit isə artıq general olub. Anladıq ki, bu işləri Türkiyə Silahlı Qüvvələrinin içindən dəstək almadan qurmaq mümkün deyil. Çünki sənədlərin dili də hərbi leksikona və üsluba uyğun idi. Bizim həyat tərzimiz bəllidir, hamımız bir-birimizi tanıyırıq, əvvəllər hamımızın Atatürkçü olduğumuzu düşünürdük. Sonra FETÖ orduya nüfuz etdikcə bəzi yoldaşlarımızın FETÖ-ya xidmət etdiyini anladıq. 17-25 dekabr çevriliş təşəbbüsündən sonra biz FETÖ dəstəsiylə bağlı təsbitlərimizi həbsxanadan dövlətin bütün qurumlarına göndərdik, ancaq təəssüf ki, təsirli mübarizə aparan olmadı. Guya onların mənəvi şəxsiyyətini təhqir etdiyimə görə, baş qərargah və Ali Hərbi Məhkəmə məni prokurorluğa şikayət etdi. Nə qədər acı durumdur ki, baş qərargah və Ali Hərbi Məhkəmə mənimlə bağlı prokurorluğa şikayət etdilər, ancaq Ədliyyə Nazirliyi əleyhimə təhqiqat aparılmasına icazə vermədi. Ədliyyə naziri hörmətli Bəkir Bozdağın o vaxtkı qərarı həm baş qərargah rəisinin, həm də Ali Hərbi Məhkəmə sədrinin öz vəzifələrindən istefa vermələrinə kifayət edirdi.

- O vaxtkı baş qərargah rəisi köşə yazarları Bəkir Coşkunu, Məlih Aşıkı da prokurorluğa şikayət etmişdi...

- “Orduda Fətullahçılar var” deməyin harası təhqirdir? Bir çox yoldaşlarımız kitab yazdı, hər cür xəbərdarlığı etdik, ancaq baş qərargahı heç cür oyandıra bilmədik.

- Bir neçə ay əvvəl “Hürriyət”dən Əhməd Hakana verdiyiniz müsahibədə Türkiyə hava qüvvələri komandalığının yarısının FETÖ-çü olduğunu və F-16-larla Türkiyəni bombalaya biləcəklərini demişdiniz. Bunu nəyə əsaslanaraq demişdiniz?

- Özümün apardığım istintaqlarda praporşiklərin bu işlərə necə cəsarət etdiyini onlardan soruşmuşdum. Demişdilər ki, bizə qorxmamağı tapşırıblar. Cinayət üstündə yaxalansaq belə, ordunun hər yerində bizi qoruyacaq generallar var. Mən bu işə mütəxəssisləri cəlb etmişdim, baş qərargahın və Jandarma komandanlığının bu barədə araşdırmaları olmadığını öyrənmişdim. İstintaq aparanda FETÖ məni müxtəlif kanallardan təhdid etsə də, yolumdan dönmədim.

- O vaxt bu işləriniz barədə baş nazir Ərdoğana xəbər çatdıra bilmirdinizmi?

- Bizim onunla əlaqəmiz yox idi. Qanuna görə, biz istintaqların gedişi barədə məlumatları komandanlara verirdik. Mən proseslərlə bağlı məlumat verdiyimiz komandanların o məlumatları yuxarı instansiyalara çatdırdığına inanmıram. Çünki baş qərargah rəisi İlkər Başbuğ məhkəmələrə güvəndiyini deyirdi, demək ki, işlərin mahiyyətini bilmirdi. İlkər Başbuğ “Gördüyüm ən düzgün iş kosmik otağı açmaq idi” - deyirsə, demək ki, FETÖ terror təşkilatını tanımayıb. Hazırkı baş qərargah rəisini ən yaxınlığındakı adam baş-ayaq etdi.

- Eyni qrupun adamı...

- Bəli. Mən TV-lərdə də deyirəm: bu hərbi çevriliş cəhdində ən böyük günah baş qərargah rəisi və  qüvvə komandanlarınındır. Hərbi kəşfiyyatın da günahı böyükdür, çünki bu çevriliş təşəbbüsünə ən azı 6 ay hazırlıq aparılıb. 6 ay bu qədər vahiməli bir təşəbbüsə hazırlıq gedir, bundan baş qərargahın, baş polis idarəsinin, kəşfiyyatın xəbəri olmur. Bizim tanıdığımız və millətin seçib dəstək verdiyi Tayyib Ərdoğan ya bunları işdən çıxaracaq, ya da istefa vermələrini tələb edəcək.

- “Ergenekon” və “Balyoz” proseslərinə reaksiya göstərən baş qərargah rəisi İşık Koşanər və qüvvə komandanlarının bir qismi 2011-ci ilin iyulunda istefa verdilər. O vaxt həbsdəydiniz, bunu necə qarşılamışdınız?

- Səhv olduğunu düşünürdüm, indi də elə düşünürəm. Çünki İşık Koşanər paşa istefa vermək yerinə mübarizəyə davam etməliydi. Koşanər paşa istefa verəndən sonra Ali Hərbi Şuranın iclasında 11 general təqaüdə göndərildi. Növbəti Ali Hərbi Şurada 37 general və admiral göndərildi. Konstitusiya Məhkəməsinin qərarına baxmayaraq, ondan sonra 12 general və admiralımız təqaüdə çıxarıldı. Ordu Necdət Özəl kimi bir komandana əmanət edilərək böyük yara aldı. ”Balyoz” və “Ergenekon” proseslərini düşünün: biz Çanaqqala savaşlarında bu qədər general-admiral itirməmişdik. Bir güllə də atılmadan 958 general, admiral və yüksək rütbəli zabit “Balyoz” və “Ergenekon” proseslərində ordudan uzaqlaşdırıldı. İşık Koşanər paşa qalsaydı, bu general və admirallarımızı heç kim pensiyaya çıxara bilməyəcəkdi, çünki baş qərargah bunu Ali Hərbi Şuraya təklif etməyəcəkdi.

- Diqqəti cəlb etdiyiniz önəmli nöqtələrdən biri də FETÖ-yə qarşı  ən təsirli və həlledici mübarizəni prezident Ərdoğanın apara biləcəyidir.

- Şübhəsiz.

- Prezident Ərdoğanın ordunun mövcud komandanlığına etimadının çox azaldığı da sirr deyil, bunu siz də vurğuladınız. Sizcə, mübarizənin bundan sonrakı mərhələsini  prezident Ərdoğan necə bir hərbi-kəşfiyyat komandasıyla davam etdirməlidir?

- Ordunun yüksək səviyyəsindən xeyli general və polkovnik nəzarətə alınıb, önəmli qismi həbs edilib. Xeyli boşluq yaranacaq. Biz cənub-şərqdə PKK terroruna qarşı mübarizə aparan ölkəyik. Suriya sərhədimizdə yeni bir dövlətin ortaya çıxmamasına çalışırıq. Ona görə bu boşluğun bir an əvvəl doldurulması lazımdır. Bir müddət əvvəl FETÖ-nün də təzyiqləriylə hərbi akademiyalardan 1985-1988-ci illərdə məzun olanların pensiyaya çıxarılmasına dair qanun qəbul edildi. O qanunun bir an əvvəl ləğv edilməsi və pensiyaya çıxarılmış o vətənsevər zabitlərin yenidən aktiv hərbi xidmətə cəlb edilməsi lazımdır. O dönəm FETÖ-nün hərbi akademiyalara ən az bulaşdığı son dönəmlərdir. Ondan sonrakı dönəmdə FETÖ-nun hərbi məktəb və akademiyalardakı fəallığı inanılmaz dərəcədə artıb.

- Hətta siz 1994-95-ci illərdə məzun olanların ordudan tamamilə uzaqlaşdırılmasını istəmişdiniz.

- 1985-88 arasında məzun olanlar 1990-cı illərin əvvəllərində PKK terrorunu bitirənlərdir. O dönəmdən mümkün qədər çox hərbçiyə general rütbəsi vermək lazımdır. ”Balyoz”, İzmir və İstanbuldakı “casusluq” proseslərində bu ölkənin ən dəyərli komandanları ordudan uzaqlaşdırıldı. Həm məhkəmə qərarları, həm də FETÖ-nün son çevriliş cəhdi o komandanlara nə qədər böyük haqsızlıq edildiyini ortaya qoydu. Onlar heç bir rütbə, maaş istəmədən verilən vəzifələri yerinə yetirməyə hazırdır. Baş qərargahın onları bir an əvvəl vəzifəyə dəvət etməsini gözləyirəm. Daha alt rütbədə olub İzmirdəki “casusluq” prosesində ordudan uzaqlaşdırılan vətənsevər zabitlərimiz də bir an əvvəl orduya cəlb edilməlidir. Prezident Ərdoğan Ali Hərbi Şuranın bu ilki iclaslarının 1 həftə qabağa çəkiləcəyini demişdi. Məncə, bunu etməməli, Şuranın iclasının vaxtını bir az da gecikdirərək, həm FETÖ ilə, həm də PKK ilə ən ciddi şəkildə mübarizə aparacaq vətənsevər zabit və generalları ordunun yüksək mövqelərinə gətirməlidir. Hörmətli prezidentin bunu edəcəyinə ürəkdən inanıram.

0
15