İlhamə Quliyevanın oğlunun dostunun məhkəməsi olub

İlhamə Quliyevanın oğlunun dostunun məhkəməsi olub

Bu gün Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Vüqar Bəkirov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az bu barədə Report-a istiandala xəbər verir.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə V.Bəkirovun vəkili Adəm Məmmədov vəsatətlə çıxış edib.

Vəkil vəsatətində cinayət işinin istintaqla aparılmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib.
A.Məmmədov həmin qərardan kassasiya şikayəti verib. İşə Ali Məhkəmədə baxılacaq.

Məhkəmə prosesi qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

Qeyd edək ki, ittiham aktına əsasən, V.Bəkirov Ülviyyə Ələkbərova adlı qadından və Biləsuvar rayon sakini Oruc Məmmədovdan dələduzluq yolu ilə pul alaraq qaytarmayıb. Hər iki şəxsin hüquq-mühafizə orqanlarına müraciətindən sonra V.Bəkirov barəsində cinayət işi başlanılıb.

O, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

İbtidai istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilməyən V.Bəkirov bir neçə dəfə məhkəməyə gəlmədiyi üçün Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov tərəfindən əvvəl axtarış haqqında qərar qəbul edilib. Daha sonra polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Bəkirov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə V.Bəkirov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xatırladaq ki, V.Bəkirov mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun dostudur. O, İ.Quliyevanın keçmiş köməkçisi Hüseynova Mehriban Bəylər qızı barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Nəticədə M.Hüseynova həbs edilib.

İ.Quliyeva 2016-cı il fevral ayının 25-də 73 yaşında dünyasını dəyişib.

A.S.

0
18