Dörd bankın lisenziyası ləğv olundu

Dörd bankın lisenziyası ləğv olundu

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar  Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib.

"Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Palata bu qərarını həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, təhrif edilmiş hesabatları təqdim etdiklərinə, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirmədiklərinə görə qəbul edib: "Qərar problemli və adekvat kapitallaşmamış bankların sistemdən kənarlaşdırılması vasitəsilə bank sektorunda risklərin azaldılması, maliyyə dayanıqlığının gücləndirilməsi, etimadın artırılması və bütövlükdə maliyyə sektorunun inkişafına istiqamətlənib".

Adıçəkilən banklar Əmanətlərin Sığortalanması Fonduna üzvdür və əhalinin bu banklarda olan qorunan əmanətləri fond tərəfindən ödəniləcək.

22 iyul 2016-cı il tarixdən lisenziyaları ləğv olunmuş banklara MBNP tərəfindən müvəqqəti inzibatçı təyin edilib. Palata sözügedən banklara ləğvedicinin təyin edilməsi barədə məhkəməyə müraciət edib və bu bankların gələcəkdə ləğvi MBNP-nın nəzarəti altında aparılacaq.

0
11