Bakı aeroportunda əməliyyat: Külli miqdarda narkotik götürüldü

Bakı aeroportunda əməliyyat: Külli miqdarda narkotik götürüldü

Gömrük işçiləri tərəfindən iki İran vətəndaşı saxlanılaraq yoxlanılıb.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Tehran-Bakı-Tbilisi aviareysi ilə tranzit qaydada gələn, sonradan isə Tbilisi-İstanbul-Frankfurt aviareysi ilə Almaniyaya getmək istəyən iki nəfər İran İslam Respublikası vətəndaşı gömrükçülər tərəfindən saxlanılıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, müvafiq qanunvericiliyə uyğun olaraq onlardan birinə məxsus baqaja gömrük yoxlaması keçirilib.

Yoxlama zamanı çamadanın içərisində olan şəxsi əşyaların arasındakı polietilen paketdən birində 1135, digərində 1150 ml qəhvəyi rəngli xüsusiyyətə malik su şəkilində maddə olan iki ədəd plastik qablar aşkar olunaraq protokol əsasında götürülüb.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin fiziki-kimyəvi və bioloji ekspertizasının nəticələrinə görə isə iki ədəd 1 litrlik plastik qablardakı ümumi çəkisi 2000 ml həcmində tünd qəhvəyi rəngli, spesifik tiryək iyli, qatılaşmış maye - tiryək məhluludur və həmin məhlulda tiryəkin quru maddəsinin ümumi miqdarı 1161,6 qram (1 kq 161.6 qram) təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

0
20