Şəkidə III Beynəlxalq şirniyyat festivalı keçirilib - FOTO

Şəkidə III Beynəlxalq şirniyyat festivalı keçirilib - FOTO

Şəki iyulun 20-də yenidən öz qapılarını beynəlxalq festival iştirakçılarının üzünə açıb.

Oxu.Az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən III Beynəlxalq ənənəvi şirniyyat festivalında respublikamızın 19 şəhər və rayonunun, həmçinin 8 ölkənin, o cümlədən İndoneziya, Fransa, Hindistan, Yunanıstan, Rusiya Federasiyasının Çuvaşiya Respublikası, Özbəkistan, İran və Ukraynanın şirniyyatçıları iştirak ediblər.

Axşam saatlarında XVIII əsrə aid qədim tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində festivalın təntənəli açılış mərasimi olub.

Sonra festival iştirakçıları xarici ölkələrdən, həmçinin Azərbaycanın şəhər və rayonlarından gələn qənnadıçıların əvvəlcədən hazırladıqları şirniyyat məhsulları ilə tanış olublar.

Burada sərgilənən iştirakçı ölkələrin milli mətbəxinə aid şirniyyat nümunələri, Azərbaycan qənnadıçılarının hazırladıqları unlu qənnadı məhsulları (paxlava, qatlama, fəsəli), milli şəkərli şirniyyatlar (noğul, müxtəlif halva nümunələri) təqdim olunub.

Münsiflər heyətinin qərarına əsasən, Özbəkistan şirniyyatçıları festivalın qalibi adını qazanıb. İkinci yerə İndoneziya və Hindistan, üçüncü yerə isə İran şirniyyatçıları layiq görülüblər.

Ən yaxşı qənnadı məmulatları nominasiyası üzrə birinci yeri Ukrayna qənnadıçıları tutub. Yunanıstan və Rusiya Federasiyası Çuvaşiya Respublikasının qənnadıçıları sonrakı yerlərə layiq görülüblər.

Azərbaycanın şəhər və rayonları üzrə Tovuz şirniyyatçıları festivalın qalibi olub. İkinci yerə Zaqatala və Ağsu, üçüncü yerə isə Şamaxı, Kürdəmir və Yevlax şirniyyatçıları layiq görülüblər.

Ən yaxşı qənnadı məmulatı nominasiyası üzrə Gəncə qənnadıçıları qalib gəliblər. Oğuz, Ucar və Naftalan qənnadıçıları ikinci, İsmayıllı, Qəbələ, Ağdaş və Qazax qənnadıçıları isə üçüncü yeri tutublar.

Tədbirin yekunlarına görə, Şəki şəhəri Mədəniyyət və Turizm Nazirliyinin kubokuna layiq görülüb.

Festivalda Şəkinin və Bakıdan gəlmiş musiqi, rəqs kollektivləri konsert proqramı ilə çıxış ediblər.

A.S.

0
209