RİİB-in Quba regional mərkəz yaradıldı – FOTO

RİİB-in Quba regional mərkəz yaradıldı – FOTO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Quba regional mərkəzi fəaliyyətə başlayıb. Birliyin Qubada keçirilən toplantısında qeyd olunub ki, təşkilatın şimal bölgəsi üzrə fəaliyyəti Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarını əhatə edəcək, regional mərkəz isə Quba şəhərində fəaliyyət göstərəcək. 

RİİB-in sədri Məhəmməd Abdullayev təşkilatın vəzifələri barədə məlumat verərək bildirib ki, ictimai birliyin məqsədi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlar, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək göstərməkdir.

Bölgələrdə əhalinin elm, təhsil, səhiyyə, idman, ekologiya, sosial təminat, mədəniyyət, incəsənət, turizm, sahibkarlığın inkişafı və digər sahələrdə mövcud problemlərinin öyrənilməsi, onların həlli məqsədilə vətəndaşlarla dövlət orqanları arasında qarşılıqlı dialoqun və əməkdaşlığın qurulmasına, informasiya axınına köməkliyin göstərilməsi əsas vəzifələrdəndir.

M.Abdullayev qeyd edib ki, aparılan təhlillərin nəticələrinə görə, vətəndaşların bir sıra problemlərinin həllini tapmaması aidiyyatı dövlət və bələdiyyə qurumları arasında ünsiyyətin yaranmamasından irəli gəlir. RİİB əhalinin müxtəlif sahələrlə bağlı müraciətlərinə baxacaq və vətəndaşla aidiyyatı qurumları bir araya gətirməklə məsələlərin həllinə çalışacaq.

Regionlarda əhalinin həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcək tədbirlərin hazırlanması və həyata keçirilməsi, valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq imkanları məhdud gənclərin dünyagörüşlərinin və praktiki biliklərinin artırılması, təhsil almaq imkanlarının yaxşılaşdırılması, cəmiyyətə aktiv inteqrasiyasının təmin edilməsi təşkilatın əsas fəaliyyət istiqamətlərindəndir.

İctimai Birlik, həmçinin ətraf mühütin mühafizəsi, ekoloji şüur və mədəniyyətin formalaşdırılması, möhkəmləndirilməsi istiqamətində müxtəlif qurumlarla birgə tədbirlər həyata keçirəcək. RİİB sahibkarlığın və turizmin inkişafına xidmət göstərən proqramların hazırlanmasında iştirak edəcək, onların icrasına dəstək göstərəcək, etnik-mədəni müxtəlifliyin, multikultural və tolerant mühitin qorunması, inkişafı istiqamətində tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verəcək.

RİİB-in fəaliyyətinin bütün bölgələri əhatə edəcəyi bildirilib, rayon sakinlərinin, xüsusilə gənclərin könüllülər kimi təşkilat ətrafında birləşməsi vacib sayılıb.

Toplantıda çıxış edən rayon sakinləri RİİB-in yaradılmasını Heydər Əliyev Fondunun bölgələrə xüsusi diqqəti kimi qiymətləndirib və yeni təşkilatın bir sıra məsələlərin həllində əhəmiyyətli rol oynayacağını qeyd ediblər.

Diskussiya şəklində keçən tədbirdə bölgədə bağçılıq və aqrotexnika sahələri, kənd təsərrüfatı texnikalarının idarə edilməsi üzrə təlim kurslarının təşkili, yeni fəaliyyətə başlayan sahibkarlar üçün resurs və ya biznes məsləhət mərkəzlərinin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliği məqsədilə kəndlərdə idman qurğularının quraşdırılması barədə təkliflər irəli sürülüb.

Regionda bir çox etnik qrupların mövcud olduğu və onların mədəniyyətinin, tarixinin qorunması istiqamətində tədbirlərin gücləndirilməsinin vacibliyi, bunun həm də turizmin inkişafında mühüm rol oynaya biləcəyi vurğulanıb. Turizm zonası üçün vacib olan mütəxəssislərin, o cümlədən bələdçilərin hazırlanması, fiziki imkanları məhdud gənclərin cəmiyyətə inteqrasiyası, onların sosial rifahının təmini üçün müvafiq kursların təşkili və digər məsələlərlə bağlı təkliflər dinlənilib.

0
25