Bu ölkələrin Azərbaycandakı səfirlərinin səlahiyyət müddəti başa çatdı

Bu ölkələrin Azərbaycandakı səfirlərinin səlahiyyət müddəti başa çatdı

Elmar Məmmədyarov Karen Petiti və Daniel Kristian Çiobanunu qəbul edib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının Azərbaycandakı səfiri xanım Karen Petiti diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, səfir Karen Petit diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə iki ölkə arasında olan münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov Karen Petitə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

XİN rəhbəri bu gün Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanunu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Görüşdə Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli siyasi əlaqələrin yüksək inkişaf səviyyəsindən razılıq ifadə olunub.

Ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Son illər iki ölkə arasında ticarət dövriyyəsinin artımından məmnunluq ifadə olunan görüşdə, iqtisadiyyatın müxtəlif sahələri üzrə, o cümlədən enerji və nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu qeyd olunub.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən söz açan nazir Elmar Məmmədyarov, sözügedən layihələrin Xəzər və Qara dəniz hövzələri arasında bağlantıların artmasına əsaslı töhfə verəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov, həmçinin, Azərbaycanla strateji tərəfdaşlıq sazişi imzalayan ilk Avropa ölkəsi kimi Rumıniyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əməkdaşlığının inkişafında rolunu xüsusi qeyd edib.

Səfir Daniel Kristian Çiobanu ölkəsinin hər zaman beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini diqqətə çatdırıb. O, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığa toxunaraq 19 iyul tarixində Bakıda ARDNŞ və Rumıniyanın “Transgaz” şirkəti arasında Anlaşma Memorandumunun imzalanmasını qeyd edib.

Nazir Elmar Məmmədyarov Rumıniyanın Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi əsasında həllinə dair mövqeyinin təqdir edildiyini diqqətə çatdırıb.

Səfir diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan siyasi dialoqun və dostluğun inkişafı, iqtisadi əlaqələrin genişlənməsi və ticarət dövriyyəsinin rekord həddə artması, mədəni-humanitar əlaqələrin təşviqi istiqamətində və NATO-nun əlaqələndirici səfiri statusunda həyata keçirdiyi uğurlu fəaliyyətə səfir Daniel Kristiana minnətdarlığını ifadə etdi və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

0
20