Ramiz Əzizbəylinin doğum günüdür

Ramiz Əzizbəylinin doğum günüdür

Bu gün Xalq artisti, “Hacı Zeynalabdin Tağıyev” və “Qızıl Buta” mükafatları laureatı Ramiz Əzizbəylinin 68 yaşı tamam olur.

Oxu.Az xəbər verir ki, R.Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət və Mədəniyyət Universiteti) mədəni-maarif fakültəsini bitirib.

1987-ci ildə “Debüt” studiyasında çəkdiyi “Pirverdinin xoruzu” qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə Beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda isə rejissor debütünə görə mükafata layiq görülüb.

1991-ci ildə isə “Bəxt üzüyü” tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb.

Rejissoru olduğu “Yalan” bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.

O, Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti, 1 avqust 2008-ci ildə isə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülüb.

Qeyd edək ki, Ramiz Əzizbəyli 2014-cü ilin fevralında şəxsi avtomobilində sükan arxasında olarkən beyin insultu keçirib. Artıq iki ildən artıqdır ki, xəstəliyi ilə bağlı səhhətində ciddi problemlər yaşayan Xalq artisti uzun müddətdir səhnə fəaliyyətindən kənarda qalıb.

Aytən Sadıqzadə

0
39