Qiyamçılar Ərdoğanın cangüdənlərini öldürdülər

Qiyamçılar Ərdoğanın cangüdənlərini öldürdülər

“Əgər 10-15 dəqiqə də orda qalsaydım ya öldürüləcəkdim, ya da tutulacaqdım”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iki şəxsi cangüdəni ölkədə baş tutmayan dövlət çevrilişinə cəhd zamanı onu qiyamçılardan qoruyarkən öldürülüb.

Oxu.Az xəbər verir ki, bu barədə Ərdoğan Amerikanın CNN teleşirkətinə verdiyi müsahibəsində bildirib.

“İyulun 15-də mən öz ailəmlə Marmarisdə beşgünlük istirahətdə idim. Həmin gecə axşam saat 10-da İstanbul, Ankara və bir sıra yerlərdə baş verənlər barədə mənə məlumat verildi”, - türk lideri bildirib.

Prezident izah edib ki, çevrilişə cəhdin gedişatında onu başqa bir yerə aparmaq qərarı alınıb, amma bundan öncə o, həmvətənləri qarşısında çıxış etmək qərarına gəlib. Onun sözlərinə görə, o vaxt milli kanalların efirində bunu etmək mümkün deyildi.

“Biz smartfon və bir sıra özəl kanallardan istifadə etdik”, - Ərdoğan deyib.

“İnsanlar dərhal kütləvi şəkildə küçələrə çıxdılar”, - o qeyd edib.

“Marmarisdə mənə qarşı əməliyyat keçirilib, - Ərdoğan bildirib. – İki cangüdənim ölüb. Əgər 10-15 dəqiqə də orda qalsaydım ya öldürüləcəkdim, ya da tutulacaqdım”.

“Onlar bizi tuta bilmədilər, çünki biz tez bir zamanda oradan getmək qərarını aldıq”, - prezident izah edib.

İyulun 16-a keçən gecə Türkiyədə bir qrup qiyamçı tərəfindən hərbi çevrilişə cəhd olub. Əsas qarşıdurma Ankara və İstanbulda olub. Türkiyə hakimiyyəti qiyamın yatırıldığını deyib. Son məlumata görə, 208 türk vətəndaşı ölüb, 100 qiyamçı öldürülüb, 1,5 minə yaxın şəxs yaralanıb.

0
14