Bir milyona yaxın “Android”çi fırıldağın qurbanı oldu

Bir milyona yaxın “Android”çi fırıldağın qurbanı oldu

"ESET" antivirus şirkəti "Google Play" əlavələr mağazasında sosial şəbəkələrdə abunəçi sayının artırılması üçün nəzərdə tutulan 8 saxta "Android" əlavəsi aşkarlayıb. Tədqiqatçıların "Android/Fasurke" adlandırdığı proqramlar vasitəsilə cinayətkarlar fərdi məlumatlar və pul oğurlamağa nail olublar. Fırıldaqçılıq kampaniyası zamanı 250 mindən 1 milyonadək istifadəçi əlavəni quraşdırıb.

“Qafqazinfo” ıctnews.az-a istinadən xəbər verir ki, əlavələr istifadəçinin fərdi məlumatlarını, daimi ödənişli abunələri, eləcə də marketinq məlumatları və reklamların alınması üçün razılıq tələb edib. Proqramlar işə salınan zaman istifadəçiyə mobil qurğu modelinin adını, öz adını və qəbul etmək istədiyi abunəçi sayını daxil etmək lazım gəlib. "Abunəçi sayının artırılması prosesi" başladıqdan sonra saxta robot yoxlanışından keçmək tələb olunub.

Bildirilir ki, istifadəçiyə fərdi məlumat (ad, elektron poçt ünvanı, ünvan, telefon, doğum tarixi və cins) qarşılığında çoxsaylı müxtəlif hədiyyələr, kupon və pulsuz xidmətlər təklif edilib. Çoxsaylı mənfi şərhlərə baxmayaraq əlavələrin populyarlığı azalmayıb.

"Google" şirkəti problem barədə məlumatlandırılıb və əlavələr artıq internet mağazasından silinib. Lakin "ESET" ekspertləri xəbərdarlıq ediblər ki, "Google Play"də oxşar xarakterli digər əlavələr qala bilər.

0
20