Binəli Yıldırım ölənlərin dəqiq sayını açıqladı

Binəli Yıldırım  ölənlərin dəqiq sayını açıqladı

“Qyamçıların saxlanılması üzrə əməliyyatlar davam edir”.

Türkiyədə çevrilişə cəhd zamanı 208 nəfər ölüb, onlardan 60 nəfəri polis, üçü əsgər və 145 nəfəri isə mülki vətəndaşdır. Daha 1491 nəfər müxtəlif xəsarətlər alıb.

Oxu.Az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə iyulun 18-də ölkənin baş naziri Binəli Yıldırım bəyan edib. Daha öncə qiyam nəticəsində 290 nəfərin öldüyü barədə məlumat yayılmışdı.

Türkiyə hökumətinin başçısı 24 nəfər qiyam təşəbbüskarının ölümünü ayrı qeyd edərək əlavə edib ki, daha 50 qiyamçı yaralanıb, “The Hürriyet Daily News” yazır.

“Qiyama aidiyyəti olan 7543 nəfər saxlanılıb, onlardan 316 nəfər həbs edilib. Qyamçıların saxlanılması üzrə əməliyyatlar davam edir”, - deyə Binəli Yıldırım jurnalistlərə bildirib.

İyulun 15-də axşam bir qrup hərbçi Türkiyədə hakimiyyəti ələ keçirməyə çalışıb (Ankara və İstanbulun küçələrində atəş açılıb, partlayışlar olub və ağır texnika cəlb edilib). Qiyamı yatırmaq mümkün olub.

Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı devirməyə cəhd edənlərlə əlaqəyə görə, 8 min polis işindən uzaqlaşdırılıb.

Saxlanılan şəxslər arasında 100 general və admiral var. Türkiyə hakimiyyəti qiyamın təşkil edilməsində ABŞ-da yaşayan islam təbliğatçısı, müxalifətçi Fətullah Güləni ittiham edib.

0
20