Büdcənin xərcləri kəsirlə icra olundu

Büdcənin xərcləri kəsirlə icra olundu

Vəsaitin əsas hissəsi sosialyönlü - əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərclərinin ödənişinə sərf olunub.

2016-cı ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 88,8 faiz və yaxud 6 mlrd. 821,5 mln. manat icra olunub.

Oxu.Az-a Maliyyə Nazirliyindən verilən xəbərə görə, iqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 43,4% və yaxud 2 mlrd. 958,5 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% və yaxud 211,2 mln. manat çoxdur.

Cari ilin altl ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 103,1 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 532,0 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 19,1 mln. manat vəsait yönəldilib.

2016-cı ilin altı ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

Cari ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 4 mlrd.198,1 mln. manat icra olunub.

Cari ilin altı ayında icmal büdcənin xərcləri isə 8 mlrd. 226,1 mln. manat icra olunub. İcmal büdcənin artıqlığı 1 mlrd. 36,6 mln. manat təşkil edib.

0
14