“Le Huffington Post”: Dağlıq Qarabağ Azərbaycanın qanuni ərazisidir

“Le Huffington Post”: Dağlıq Qarabağ Azərbaycanın qanuni ərazisidir

“Ermənistan qətnamələrə məhəl qoymur”.

Fransanın “Le Huffington Post” portalında Avropada Təhlükəsizlik və İnkişaf İnstitutunun (İPSE) tədqiqatçısı, MEVA qadın hüquqları qeyri-hökumət təşkilatının baş katibi Patrisiya Lalondun “Dağlıq Qarabağ: münaqişənin təcili həlli” başlıqlı məqaləsi dərc olunub.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, müəllif məqalədə Dağlıq Qarabağda atəş səslərinin yenidən eşidilməsindən və onun bütün Cənubi Qafqaz regionunu bürümək təhlükəsindən söz açır. 

O, Dağlıq Qarabağ münaqişəsinın 20 ildən artıqdır həll olunmadığını, münaqişə nəticəsində bir milyondan çox dinc əhalinin doğma yurdlarından qaçqın və məcburi köçkün düşdüyünü və onların bu illər ərzində yalnız doğma yurdlarına qayıtmaq həsrəti ilə yaşadıqlarını xatırladır.

Müəllif Dağlıq Qarabağ münaqişəsinin mənbəyinə toxunaraq, bu torpaqların Azərbaycanın qanuni ərazisi olduğunu bildirir. 

P.Lalond Ermənistan silahlı qüvvələrinin törətdiyi Xocalı soyqırımından, bir gecədə 106 qadın, 63 uşaq olmaqla, 613 dinc əhalinin qətlə yetirilməsindən bəhs edərək, Dağlıq Qarabağın bu günədək BMT tərəfindən Azərbaycan torpaqları kimi tanındığını vurğulayır.

Ermənistanın BMT Təhlükəsizlik Şurasının və beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdikləri qətnamələrə məhəl qoymadığını bildirir.

Müəllif BMT, Avropa Parlamenti və ATƏT-in Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və Ermənistandan Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında digər 7 rayonu dərhal işğaldan azad etməsini tələb etdiklərini diqqətə çatdırır.

Qeyd olunur ki, müsəlman ölkəsi olmasına baxmayaraq, Azərbaycan Respublikası dünyəvi ölkədir, radikal islamçı fəaliyyətlərin şiddətləndiyi bir vaxtda ölkəmizdə qadın və milli azlıqların hüquqlarının müdafiəsinə xüsusi diqqət verilir.

Regionda ölkəmizin rolunun əhəmiyyətini vurğulayan Patrisiya Lalond lobbi gücünün ikinci plana keçiriləcəyinə və ümumi maraqların geosiyasi spekulyasiya üzərində qələbə çalacağına ümid etdiyini bildirir.

0
22