Vidadi Nərimanbəyovun 90 illiyinə həsr olunmuş fərdi sərgisi açılıb – FOTO

Vidadi Nərimanbəyovun 90 illiyinə həsr olunmuş fərdi sərgisi açılıb – FOTO

İyulun 15-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Vidadi Nərimanbəyovun 90 illiyinə həsr olunmuş fərdi sərgisi açılıb.

Oxu.Az xəbər verir ki, tədbirdə Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev, Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev V.Nərimanbəyovun özünəməxsus yaradıcılığı barəsində çıxış ediblər.

Tədbirdə Xalq rəssamları Ömər Eldarov, Səlhab Məmmədov və Fuad Salayev rəssamla bağlı xatirələrini bölüşüblər.

Rəssamın qızı, rejissor, animator Nigar Nərimanbəyova sərginin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə rəssamın Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və ailə kolleksiyasında saxlanılan əsərləri nümayiş olunub. Həmçinin fırça ustasının bir neçə əsəri ilk dəfə bu sərgidə təqdim edilib.

Qeyd edək ki, Vidadi Nərimanbəyovun “Nədir günahımız?”, “Düşmənin sevinci...”, “Yolda” və digər əsərləri onu özünəməxsus dəst-xətti ilə seçilən, istedadlı rəssam kimi məşhurlaşdırıb.

O, təkcə Azərbaycanda deyil, eyni zamanda, keçmiş SSRİ respublikalarında, Bolqarıstan, Rumıniya, Əlcəzair, Finlandiya, Çexiya, Macarıstan kimi dünyanın 20-dək xarici ölkəsində fərdi yaradıcılıq sərgilərini təşkil edərək ölkəmizin incəsənətini təbliğ edib.

Rəssamın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Moskva Dövlət Tretyakov Qalereyasında, MDB və Avropa ölkələrinin muzeylərində saxlanılır.

30-dan çox əsərin təqdim edildiyi sərgi iyulun 20-dək davam edəcək.

Aytən Sadıqzadə

0
21