Türk dünyası gənc yazarlarının III Bakı Toplantısı başa çatıb – FOTO

Türk dünyası gənc yazarlarının III Bakı Toplantısı başa çatıb – FOTO

İyulun 10-14-ü tarixlərində Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının donorluğu ilə həyata keçirdiyi “Türk dünyası gənc yazarlarının əsərlərindən ibarət almanaxın nəşri və Bakı toplantısının keçirilməsi” adlı beş aylıq layihə çərçivəsində silsilə tədbirlər başa çatıb.

DGTYB-dən Oxu.Az-a verilən xəbərə görə, ayın 10-da layihənin Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Başqırdıstandan, habelə Təbrizdən, “Türk dünyasının 2016-cı il mədəniyyət paytaxtı” Şəkidən, “Avropanın 2016-cı il gənclər paytaxtı” Gəncədən, “Azərbaycanın 2016-cı il gənclər paytaxtı” Şəmkirdən, eləcə də, Naxçıvan Muxtar Respublikasından olan iştirakçılarının qarşılanması, bir-biri ilə tanışlığı və üçgünlük proqram haqqında məlumat verilib.

Ayın 11-də layihənin bir qrup iştirakçısı Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Bakı Türk Şəhidliyini ziyarət ediblər.

Daha sonra AYB sədri, Xalq yazıçısı Anar, Milli Məclisin Komitə sədrinin müavini, şair-publisist Musa Urud, Atatürk Mərkəzinin müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, millət vəkili Nizami Cəfərov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, AMEA-nın vitse-prezidenti, AMEA Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili İsa Həbibbəyli, Azərbaycan Mətbuat Şurasının üzvü millət vəkili Cavanşir Feyziyev, millət vəkili Qənirə Paşayeva, Dünya Azərbaycanlılarını əlaqələndirmə Şurasının üzvü İlham İsmayılov, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) baş katibi Pərvanə Hacıyeva ilə görüş və müzakirələr olub.

Tədbir iştirakçılarına Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aparıcı dünya dillərində hazırladığı maarifləndirici CD-lər təqdim edilib.

Bir qrup iştirakçıya və qonaq yazarlara DGTYB ilə fəal əməkdaşlığa, III Bakı Toplantısı çərçivəsində uğurlu iştirakına görə “Onur bəlgəsi” diplomu təqdim olunub.

Üçgünlük silsilə tədbirlər AMEA-nın Mərkəzi Elmi Kitabxanasının böyük zalında “Türk dünyası gənc yazarlarının şeir axşamı” ilə sona çatıb. Gecədə solo-saz ifaçısı Azər Xanlaroğlu, gənc aşıqlar – Elməddin Məmmədli, Şəhriyar Kərim, vokalist İlham Əsgəroğlunun ifaları, bəstəkar Sevinc Tofiqqızının kompozisiyası, kanon ifaçısı Humay Abbasın çıxışı olub.

Qeyd edək ki, layihə çərçivəsində Türk Dünyası gənc yazarlarının əsərlərindən ibarət toplunun çapı nəzərdə tutulur.

Layihə bu ilin oktyabr ayında başa çatacaq.

Aytən Sadıqzadə

0
31