Türkiyədə yaşayan azərbaycanlı müğənni: "Çox qorxurdum"

Türkiyədə yaşayan azərbaycanlı müğənni: "Çox qorxurdum"

Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimova həmin ölkədə baş verən çevrilişə cəhd haqda fikirlərini bildirib.

Lent.az xəbər verir ki, müğənni azvision.az-a Türkiyədə qorxu içində yaşadıqlarını bildirib.

-İradə xanım, hazırda Türkiyənin hansı şəhərindəsiniz? Qardaş ölkədə vəziyyət necədir?

- Hazırda Bodrumdakı evimizdəyəm. Axşam baş verən hadisələrdən şoka düşmüşəm. Hələ də özümə gələ bilmirəm. Burada qardaş qanı töküldü. Dəhşətdir.

Çox şükür ki, qiyamın qarşısı alındı, çox insanın tələf olmasına imkan verilmədi. Bu durumda ən çox övladlarımı düşünürəm. Biz sülh istəyirik. Sülh şəraitində rahat yaşamaq istəyirik.

Hazırda Türkiyədə vəziyyət çox qarışıqdır. Baş verən hadisələri türk millətinə yaraşdırmıram. Belə hadisələr bizə yaraşmır. Hamının içində biabır olduq.

- Qiyam zamanı harada idiniz?

- Evdəydik. Alış-verişdən qayıdırdıq. Birdən hər yerdə qarışıqlıq oldu. Axşam saat 11 idi, zəng vurdular ki, təcili uşaqları götürüb evə gedin. Bizə də evə gəldik. Bir neçə dəqiqədən sonra məlum hadisələr baş verməyə başladı. Bir andaca gözümün önünə 20 Yanvar faciəsi gəldi. Oxşar hadisələr təkrar olunurdu.

Saat 4-kimi yatmamışıq. Xəbərləri izləyirdik. Çox qorxurdum, həyəcanlı idim. Yaxşı ki, qiyamın qarşısı alındı. Şükürlər olsun, deməyə utanıram. Təəssüf ki, türk türkün qatilinə çevrildi.

Hələ də hadisənin şokundan çıxmamışıq. Evdən çıxa bilmirik. Qorxuruq ki, başımıza nəisə gələcək. Burada hamı evdən çıxanda ailə üzvləri ilə halallaşır.

Küçədə insanlar qorxur ki, birdən yanında dayanan insan canlı bomba olar.

İnternetdən izlədim, əsgərlərdən birinin başını kəsiblər. Yazıq əsgərin nə günahı var? Ona əmr veriblər ki, şəhərə çıxmalısan. Onun nə günahı var ki, başını kəsirlər. Hamısı kreslo davasının nəticəsidir. Kimlərsə vəzifəyə gəlmək istəyir, onların ucbatından günahsız insanlar ölür.

- Hazırda vətənə dönmək fikriniz varmı?

- Yoldaşım Azərbaycana gedə bilmir. Amma mən uşaqlarımla ölkəmə qayıtmaq haqda düşünürəm. Uşaqlarımın təhlükəsizliyi mənim üçün hər şeydən vacibdir. Ailəm zəng edir ki, qayıdın Bakıya. Belə getsə, Azərbaycana qayıdacağam. Artıq burada dəhşət içində yaşaya bilmirəm. Bu dəhşətləri hiss etmək üçün yaşamaq lazımdır. Biz əvəllər Suriyaya necə qorxu içində baxırdıqsa, hazırda Türkiyə bu vəziyyətdədir. Türkiyəni Suriyaya döndəriblər.

0
26