10 saatlıq gəlişmələrin 10 cümləlik TƏHLİLİ

10 saatlıq gəlişmələrin 10 cümləlik TƏHLİLİ

Hadisələrin şahidi olan Mayis Əlizadə İstanbuldan yazır

 

Tələt Aydəmirin 1963-cü ildəki iki çevriliş cəhdindən sonra (ikincisi Aydəmirin edamıyla nəticələnmişdi) Türkiyə ikinci “əcaib” dövlət çevrilişi cəhdini 15 iyuldan 16 iyula keçən gecə  yaşadı. İndi aydın olduğu kimi, Jandarm Baş Qərargahında hazırlanmış “dövlət çevrilişi planı”nın onsuz da çox zəif olan uğur qazanma ehtimalını  hər şeydən əvvəl, baş nazir Binali Yıldırımın  ilk açıqlaması əngəllədi. Tərəfdarlarını küçə və meydanlara səsləyən Yıldırımdan sonra eyni metodu prezident Ərdoğan  tədavülə daxil edərək, tərəfdarlarını “çevriliş planı”nın önünə  sədd kimi çəkməyi bacardı. Təcrübədən sabitdir ki, bu işlərin naturasında arxayınçılığa yer yoxdur, silahla devirmək istədiyin siyasətçilər sənin dalğınlığından 2 dəqiqə faydalanaraq öz tərəfdarlarını küçəyə tökə bildinmi  “çevriliş təşəbbüskarı” olaraq sən uduzmusan. Bu mənada, 15 iyul axşamında başlayıb 16 iyul sabahında bitən Türkiyəni yeni “hərbi çevriliş planı” mənə Mixail Qorbaçova qarşı 1991-ci ilin avqustunda təşkil edilmiş “çevriliş cəhdi”ni xatırlatdı; Qorbaçovu Krımda bir otağa həbs edib ölkədə fövqəladə vəziyyət elan edən hərbi-siyasi çevrilişçilər gecə içib özlərini yatağa atmış və hərbi çevriliş etdiklərini unutmuşdular. Boris Yeltsinin  fürsət  tapıb tankın  üstünə çıxması hərbi çevriliş planını suya düşürmüşdü.

Saat 3-də İstanbula gələn prezident Ərdoğan da artıq həm tərəfdarlarını küçəyə çağıra bilmiş, həm də çevrilişçilərə qarşı həmişəki kimi yüksək pərdədən söylədiyi nitqini bu dəfə daha effektiv duruma gətirə bilmişdi. 3.30-da tərəfdarlarına  müraciət edərkən öz siyasi jarqonunun “kəfən” kimi klassikləşmiş simvolunu həmişə olduğu kimi bu dəfə də xatırladan Ərdoğanın saat 6.35-dəki müraciətinin ana temasını “Mən İstanbul aeroportunun Şərəf salonundan ayrılmıram, siz də buranı boş qoymayın”- ritorikası təşkil  etdi və cənab Ərdoğan bu dəfə də tərəfdarlarını öz ətrafında  kümələndirə bildi.

1992-ci ildən tanıdığm Rəcəb Tayyib Ərdoğanı  aeroportun Şərəf salonundakı qədər yorğun gördüyümü xatırlamıram. Gecə yarısından sonra Marmarisdən  İstanbula qayıtmış prezident Şərəf salonunda qalıb  çalışmağa üstünlük vermişdi. Şübhə etmirəm ki, "dövlət çevrilişinə cəhd planı”   tamamilə təbii insani münasibətlər zəminində  Tayyib Ərdoğanı ailəsinə o qədər yaxınlaşdırmışdı k, Əminə xanımdan əlavə qızı Əsra xanımı   atasının üzərində tir-tir əsən gördüm. Şəxsən mənim üçün duyğulu anlar idi. Şərəf salonundan ayrılıb İstanbuldakı evinə gedən Ərdoğan nə bizə vəd  etdiyi mətbuat konfransını keçirdi, nə də Şərəf salonunun yan-yörəsində gözləyən (bəlkə də hər şeydən çox əmr gözləyirdilər) çox sadiq  tərəfdarlarıyla  vidalaşdı. Əvəzində avtobusun üstündən tərəfdarlara müraciət edən bir partiya əməkdarı  Tayyib bəyin adına onlardan  halallıq istədi.

Tayyib bəy bu dəfə evinə getdi.

O gedəndən sonra mən onun tərəfdarlarına özümü yaxın hiss etdirməyə çalışsam da, dialoq qurmağım  çox çətin oldu. Ona görə aeroportun ətrafını dolaşıb son durumu görməyi və uçuşlarla bağlı statistik məlumatları öyrənməyi məqsədəuyğun bildim. Yay aylarında  gündə təxminən 1100 təyyarənin enib-qalxdığı aeroportun iş rejimindəki müvəqqəti axsamanın cəmi 10 saat davam etdiyini öyrənmək -  ölkədə yaşanmış 10 saatlıq “çevrilişə cəhd”in rentgenini çəkməyimə kömək də edə bilər, bunu da istisna etmirəm.

Nə dərəcədə kömək edəcəyini isə proqnozlaşdıra bilmirəm.

Çünki mərhum Ərbakanın bir vaxtlar təkrarlamaqdan xüsusi zövq aldığı “Keçid dönəmi qanlımı olacaq, yoxsa qansızmı?”- sualı 15 iyuldan 16 iyula keçən gecə tərs perspektivdən özünü doğrultmuşdu: professor Ərbakan “qanlı” deyərkən  ordunun dinçilərin önünü kəsə biləcək əməliyyatlarına eyham vururdu. 15-16 iyulun 10 saatlıq hadisələri bunun tərsini bizə nümayiş etdirdi: zira “qanlı” tərəfi təmsil edə biləcəklərindən şübhələnilən tərəfin özü öz təşəbbüsünün “qanı içində boğulma” təhlükəsi yaşadı. 10 saatın ölü-yaralı statistikasını bir tərəfə qoyun, “hərbi çevriliş” iddiasıyla ortaya çıxanların polis qüvvələri qarşısında düşdükləri zavallı durum bəlkə o “qanlı” bənzətməsindən daha acı və ibrətamiz idi.

O görüntülər Türkiyənin  tamamilə yeni dönəminin təməlini atdımı?

İstintaqın məcrası və məhkəmənin ədalətinə  bağlıdır...

0
12