Türkiyədən ilk xəbər gəldi: “Çevrilişi ordu içindəki çoxu polkovniklərdən ibarət olan qrup törədib”

Türkiyədən ilk xəbər gəldi: “Çevrilişi ordu içindəki çoxu polkovniklərdən ibarət olan qrup törədib”

APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından mediaya göndərilən mesajda ordunun ölkə  üsuli-idarəsini ələ keçirdiyi bildirilib.

İyulun 15-də axşam saatlarından etibarən  Türkiyə Cümhuriyyətinin paytaxtı Ankarada  anormal vəziyyət yaşanmaqdadır. Silahlı Qüvvələrin Baş Qərargahından silah səslərini gəlməsindən sonra  qırıcı təyyarələri uçuşa qadağan bölgələr olan Türkiyə Böyük Millət Məclisi baş qərargah binaları üzərindən alçaq  uçuş keçiriblər.

Ankaradan əməkdaşımıza məlumat verən 2 jurnalist bunu “son dərəcə anormal durum” kimi xarakterizə ediblər. ”1980-ci il hərbi çevrilişini xatırladan bir durum var”-adını açıqlanmasını istəməyən jurnalistlərdən biri deyib.

CNN Türk kanalının canlı  yayınına telefonla bağlanan baş nazir Binali Yıldırım da bu durumun bir “dövlət çevrilişinə təşəbbüs”  olduğunu deyib :”Bir çevriliş təşəbbüsü kimi qiymətləndiririk. Əmr-komandanlıq zənciri  olmadan ordu içindəki bəzi adamların qanunsuz hərəkətlərindən söhbət gedir. Millətimiz bilsin ki, demokratiyaya zərər gətirəcək heç bir fəaliyyətə  icazə verilməyəcək. Vətəndaşların seçdiyi hökumət iş başındadır. Bunun iş başından getməsi ancaq millətin iradəsiylə olur. Bu çevrilişə təşəbbüs edib bu çılğınlığı yapanlar ən ağır şəkildə cəzalarını çəkəcəklər. Millətimiz sakit olsun”- deyə sözlərinə davam edən baş nazir Binali Yıldırım polis qüvvələrinin lazımi tədbirləri görmək üçün səfərbər edildiklərini vurğulayıb.

Ankarada cərəyan edən hadisələrə paralel olaraq İstanbul Boğazındakı iki körpü  də keçidlərə qapadılıb. İstanbul aeroportunun da uçuşlara qapadılmasından sonra aeroportun ətrafına tanklar yerləşdirilib. Eyni zamanda Taksim meydanına  və İstanbulun bəzi mühüm nöqtələrinə tankların  yerləşdirildiyi bildirilir.

TRT kanalının ordu tərəfindən ələ keçirilərək  “Yurdda Sülh Şurası”nın  ordunun hakimiyyətə əl qoymasıyla bağlı bəyanatı oxunub. İstanbul Baş Polis İdarəsinin yerləşdiyi Vətən prospekti tərəfindən atışma səsləri gəlməkdədir. Gece yarısı Muğla vilayətinin Marmaris qəsəbəsindən açıqlama verən prezident Ərdoğan isə çevriliş təşəbbüsünə etiraz etmək üçün xalqı küçələrə, meydanlara, aeroportlara çıxmağa çağırıb. Təşəbbüsün arxasında Gülən icmasının olduğuna eyham vuran prezident Ərdoğan  “Bunun da öhdəsindən gələcəyik. Millətimizi rahat olsun. Baş nazirimiz də lazımi açıqlamanı verdi. Polislər də daxil olmaqla bu işə qarışan hər kəs ən ağır şəkildə cəzalandırılacaq”- deyə vurğulayıb.

Ankaradan APA-ya  məlumat  verən istefada olan bir hərbçi deyib ki, çevriliş təşəbbüsü ordu içindəki çoxu polkovniklərdən ibarət olan bir qrup tərəfindən təşkil edilib. “Xuntanın içində bir neçə general-mayor da var, onların bu işi axıra qədər aparmaları mümkün deyil. Səhərə qədər qalmaz ki, bu çevriliş təşəbbüsü basdırılar”. TRT kanalında  ordunun ölkə üsuli-idarəsinə əl qoymasına dair bəyanatın oxunmasından sonra ölkədə küçəyə çıxmaq qadağan edilib. Hərbi xuntanın İstanbul baş polis idarəsinin binasını  ələ keçirmək təşəbbüsünün qabağını almaq üçün idarənin yerləşdiyi Vətən prospekti də qapadılıb. Çevriliş təşəbbüsündən sonra ilk açıqlamasını verən ana müxalifətdəki CHP lideri Kamal  Kılıçdaroğlu “Demokratiyamıza sahib çıxırıq”- deyib.

Prezident Ərdoğanın müraciətindən sonra  AKP  vilayət, rayon və qəsəbə təşkilatlarının idarəçiləri məhəllələrdə mikrofonlarla xalqa müraciət edərək onları küçə və meydanlara dəvət edirlər.

0
18