Prezident: Yaxın zamanlarda sosial mənzillərin tikintisinə başlanacaq

Prezident: Yaxın zamanlarda sosial mənzillərin tikintisinə başlanacaq

“Bu, yeni təşəbbüsdür”.

Sosial mənzillərin tikintisi proqramı yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcək. Bu, yeni təşəbbüsdür. Bəzi ölkələrdə bu praktika var. Biz müsbət praktikanı öyrənirik, öyrənmişik. Buna böyük ehtiyac və tələbat var. Sosial mənzillərin tikintisi prosesi yaxın zamanlarda başlanacaq. 

Oxu.Az xəbər verir ki, bunu ötən gün Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaq: 

“Xüsusilə qeyd etmək istəyirəm ki, nəinki Bakıda və böyük şəhərlərdə, bütün şəhərlərdə, bütün rayon mərkəzlərində. Dünya təcrübəsindən istifadə etməklə, vətəndaşların belə evlərə sahib olma qaydaları və həmin mənzillərdə yerləşdirilən insanlara mülkiyyət hüququnun verilmə prosedurları müəyyənediləcək”.

Prezidentin sözlərinə görə, Sosial Mənzil Fondunun yaradılmasında əsas məqsəd belə mənzilləri aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətə kreditlə təqdim etməklə onların mənzil problemlərinin həllindən və sosial rifah hallarının yaxşılaşdırılmasından ibarətdir: 

“Bu tipli mənzillərin tikintisi həm Bakı şəhərində, həm də bütün digər rayon və şəhərlərdə geniş şəkildə aparılacaq. Sosial mənzillərin tikintisi əlavə iş yerlərinin yaradılması, mənzilə ehtiyacı olan əhali qrupunun belə ehtiyaclarının ödənilməsi ilə yanaşı, bu mənzillərin əhaliyə təqdim edilməsi nəticəsində yeni zəruri istehlak ehtiyaclarının yaranacağı nəzərə alınmaqla, paralel şəkildə iqtisadiyyatın 20-dək digər sahələrinin də inkişafına səbəb olacaq. Təbii ki, bu, inşaat sektoruna çox böyük təkan verəcək. İnşaat sektorunda vaxtilə işləmiş, ancaq indi işlərini itirmiş insanlar yenə də işlə təmin ediləcək və bunun çox geniş multiplikativ səmərəsi olacaq”.
 
“Bakı şəhərində qəzalı vəziyyətdə binalar kifayət qədər çoxdur. İndi pilot layihələri icra edilir. Birinci layihə Sabunçu rayonunda icra edilməyə başlanıb. Vətəndaşlar da bundan çox razıdırlar ... İndi bu proses digər rayonlarda, Qaradağ rayonunda, hər bir rayonda başlanıb. Bakının hər bir rayonunda qəzalı vəziyyətdə olan binalar var. Onlar əlbəttə ki, sökülməlidir və orada yaşayan insanlar ya dövlət, ya da özəl sektor tərəfindən daha yaxşı evlərlə təmin edilməlidirlər. Burada həm dövlət, həm özəl sektor birgə işləyə bilər. Buna nail olmaq üçün sadəcə şərait yaradılmalıdır və yaradılır. Hesab edirəm ki, bu il bu proses çox kütləvi xarakter alacaq. Sosial mənzillərin tikintisi, eyni zamanda, qəzalı vəziyyətdəki bu evlərin yerində gözəl, çoxmərtəbəli binaların tikintisi inşaat sektoruna çox böyük təkan verəcək”, - deyə dövlət başçısı qeyd edib.

0
43