Bakıda “Logistika və Ticarət” mövzusunda tədbir keçirilib - FOTO

Bakıda “Logistika və Ticarət” mövzusunda tədbir keçirilib - FOTO

Müzakirələrdə ölkəmizin həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində çox ciddi bir infrastruktura sahib olduğu vurğulanıb.

İyulun 15-də “ADA” Universitetində “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” çərçivəsində ictimai müzakirələr silsiləsindən “Logistika və Ticarət” mövzusunda tədbir keçirilib.

Oxu.Az xəbər verir ki, tədbiri Azərbaycan Respublikasının Prezidentinin İqtisadi islahatlar üzrə Köməkçisi Xidməti, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC birgə təşkil edib.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin direktoru Taleh Ziyadov müzakirəsi aparılan mövzunun əhəmiyyətini vurğulayıb. O deyib:

“Ələtdə yaradılan “Azad Ticarət Zonası” qeyri-neft sektorunun inkişafına yönələn ən iri layihələrdən biridir. Bakı Azərbaycanın ətrafında olan bir çox liman mərkəzlərini özündə birləşdirəcək”.

T.Ziyadovun sözlərinə görə, tranzit daşımalar görülən işin əsasını təşkil etsə də uzun müddətli olmaya bilər. Bunun üçün qeyri neft sektorunun inkişafına yönələn layihələr əvəzsiz rol oynayır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi özünün həlledici bir məqamına daxil olub. Strateji yol xəritəsində həm 2016-2020-ci illər, həm 2025-ci illərə qədər olan baxış, həm də 2025-ci ildən sonrakı dövr əhatə olunur. Qeyd edib ki, hər bir dövr üzrə logistika və ticarət ilə bağlı strategiyanın işlənməsinin böyük əhəmiyyəti var.

V.Qasımlı bildirib ki, Azərbaycan birbaşa dənizlərə çıxışı olmayan bir ölkədir. Ölkəmiz həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində çox ciddi bir infrastruktura sahibdir.

“Hazırda bu infrastrukturun daha da yaxşılaşdırılması istiqamətində işlər görülür. Bu sahəyə dövlət və özəl investisiyalar cəlb edilir. Azərbaycan öz tərəfdaşları – Gürcüstan, Qazaxıstan, Türkiyə, Rusiya və İranla tariflərin sadələşdirilməsi, prosedurların uyğunlaşdırılması və sayının azaldılması istiqamətində koordinasiya olunmuş şəkildə fəaliyyət göstərir. Bunlar nəticə etibarı ilə Azərbaycanın nəqliyyat logistika mərkəzinə çevrilməsinə zəmin yaradır. Azərbaycan kimi ikinci bir ölkə yoxdur ki, okeana çıxışı olmadığı və kiçik əraziyə sahib olduğu halda nəqliyyat logistika mərkəzi olsun. Bu Azərbaycanın üstünlüyüdür və ölkəmiz bundan qazanc əldə edəcək”, - deyə V.Qasımlı vurğulayıb.

Azərbaycan Respublikasının Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov deyib ki, ölkəmizin vaxtında iri layihələrə qoşulması hazırda ona iqtisadi regional sahədə böyük üstünlüklər verib. Tranzit və logistika mərkəzinin yaradılması da makroiqtisadiyyat və qeyri-neft sektoruna investisiya cəlbinin elementidir.

Müzakirələr “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru T.Ziyadovun moderatorluğu ilə davam edib. Tədbirdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nümayəndələri tərəfindən “Qabaqcıl beynəlxalq təcrübə - Dubay nümunəsi” və “Qabaqcıl beynəlxalq təcrübə - Sinqapur nümunəsi” mövzusunda təqdimatlar keçirilib.

0
15