Bakı metrosunda Azərbaycan filmləri – FOTO

Bakı metrosunda Azərbaycan filmləri – FOTO

İyulun 15-i “Gənclik” stansiyasının keçidlərində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı ilə “Metro Gallery” layihəsi çərçivəsində Azərbaycan filmlərindəki fotolardan ibarət sərgi açılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə keçirilən sərgi 2 Avqust - Azərbaycan Kinematoqrafiyası Gününə həsr olunub.

Sərgidə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov, xidmət şöbəsinin rəisi Lalə Babayeva, Mədəniyyət və Turizm Nazirliyinin və film fondunun nümayəndələri, həmçinin tanınmış mədəniyyət nümayəndələri – “Azərbaycanfilm” kinostudiyasının baş operatoru Kənan Məmmədov, görkəmli rejissor Vasif Babayev, tanınmış aktyor Şamil Süleymanov iştirak ediblər.

Nəsimi Paşayev bildirib ki, sərgidə 78 filmdən 92 kadr və kadrarxası maraqlı fotolar yer alıb. Sərginin təşkil olunmasında Dövlət Film Fondu öz dəstəyini əsirgəməyib.

Bu layihə 6 ay davam edəcək.

Qeyd edək ki, bu, keçidləri yeniləşdirilmiş “Gənclik” stansiyasında keçirilən ilk belə aksiya deyil. 2015-ci il iyulun 15-dən burada fotoəsərlərdən ibarət sərginin nümayişi başlanmışdı. Həmin layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən ənənəvi “İlin fotoqrafı” mükafatlandırma mərasimində, 2015-ci ilin yekunlarına əsasən “İlin layihəsi” nominasiyasının qalibi elan edilmişdi.

Aytən Sadıqzadə

0
22