İpoteka Fondu bankların pulunu vermir

İpoteka Fondu bankların pulunu vermir

Ölkədə ipoteka kreditləşməsində problem yaranıb.

Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun (AMF) xətti ilə verilmiş 500-dən artıq ipoteka kreditinin yenidən maliyyələşdirilməsində problem yaranıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu günə qədər AMF-in müvəkkil kredit təşkilatı olan kommersiya bankları 17997 ipoteka krediti verib. Bunun isə 17477-si Fond tərəfindən maliyyələşdirilib.

Başqa sözlə, banklar öz vəsaitləri hesabına verdiyi 520 kreditin pulunu hələ AMF-dən ala bilməyiblər. Azərbaycanda dövlət xətti ilə ipoteka kreditlərinin orta məbləğinin 40000 manat civarında olduğunu nəzərə alsaq, kredit təşkilatlarının Fonddan almalı olduqları məbləğin təxminən 20 mln. manat olduğunu demək olar.

Məsələ ilə bağlı AMF-in mətbuat xidmətinin rəhbəri Samirə Nəsibova bildirib ki, yenidən maliyyələşdirmənin ləngiməsi təmsil etdiyi qurumdan asılı deyil. Onun sözlərinə görə, bu vəziyyətin yaranması bankların kreditləşmə ilə bağlı tələblərə əməl etməməsi ilə bağlıdır:

“Bəzən banklar kreditin müddətini düzgün müəyyən etmirlər. Kredit verilərkən nəzərə alınmalıdır ki, onun ödənilib qurtarma vaxtı borcalanın pensiya yaşına çatması ilə üst-üstə düşməlidir. Bu da dəqiq ayla hesablanır və fond da ona uyğun hərəkət edir. Bəzən isə banklar borcalanın aylıq gəlirinə, ödəniş qabiliyyətinə uyğun olmayan məbləğdə (lazım olandan çox) kredit verirlər. Təbii ki, bu halda da biz krediti yenidən maliyyələşdirmirik. Son nəticədə həmin kreditlər bankların üzərində qalır”.

Bəzən isə banklar vətəndaşlardan bütün lazımi sənədləri tələb etmirlər. Bununla belə, Samirə Nəsibovanın sözlərinə görə, bu, texniki məsələdir və əksər hallarda həllini tapır.

0
18