Prezident: Manatın məzənnəsi sabitləşib

Prezident: Manatın məzənnəsi sabitləşib

“Tədricən vəziyyət müsbətə doğru inkişaf edəcək”.

Bank sektorunun möhkəmlənməsi və sağlamlaşdırılması prosesi gedir. Bu istiqamətdə də çox önəmli addımlar atılmışdır. Maliyyə nəzarəti haqqında, digər istiqamətlər üzrə önəmli addımlar atılmışdır. Hesab edirəm ki, bu, bank sektorunun inkişafına xidmət göstərəcək. Əmanətlərin tam sığortalanması haqqında qərar qəbul edilmişdir.

Bu, həm sosial xarakter daşıyır, həm də əlbəttə ki, bank sektoruna əhali tərəfindən inamı artırır. İndi bütün əmanətlər sığortalanıb. Hesab edirəm ki, gələcəkdə dollarlaşma meyillərinin qarşısı da alınacaq. Əfsuslar olsun ki, indi əmanətlərin böyük hissəsi dollarla saxlanılır. Bu da əlbəttə ki, ölkə iqtisadiyyatı üçün müsbət hal deyil.

Oxu.Az-ın xəbərinə görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, manatın məzənnəsi sabitləşib. 

“Hesab edirəm ki, tədricən bu istiqamətdə də vəziyyət müsbətə doğru inkişaf edəcək. Ancaq bu, təbii prosesdir. Əlbəttə ki, yerli valyutaya inam daha da artdıqca insanlar özləri öz qərarlarını verəcəklər. Burada heç kim heç kimi məcbur edə bilməz. Sadəcə olaraq, dövlət və hökumət elə addımlar atmalıdır ki, insanlar öz əmanətlərini manatla saxlamaqda daha da maraqlı olsunlar”, - deyə dövlət başçısı əlavə edib.

0
25