“Qarabağ”a qarşı oynamaq çox çətin idi” - Cerri Prempe

“Qarabağ”a qarşı oynamaq çox çətin idi” - Cerri Prempe

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Düdelanj” klubunun futbolçusu Cerri Prempe Lüksemburq mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi Bakıda keçirdikləri ilk oyun (0:2) və gələn həftə baş tutacaq cavab görüşü barədə fikirlərini bölüşüb.

- Səfərdəki 0:2 hesablı məğlubiyyət “Düdelanj” üçün yaxşı nəticədi?

- Bəli. Keyfiyyətli komanda ilə qarşılaşdıq. Bu hesab gələcəyə ümid verir. Əgər son ana qədər konsentrasiyanı qoruyub saxlamasaydıq, qapımızdan daha çox top buraxa bilərdik. Bu mənada, 0:2 hesablı məğlubiyyəti yaxşı nəticə hesab edirəm. Hər halda, növbəti mərhələyə şansımızı saxlamışıq, buna ümid qalır. “Qarabağ”a qarşı oynamaq, doğrudan da, çox çətin idi. Hərçənd ki, karyeram ərzində bundan da çox diqqətçəkən komandaya qarşı oynamışam.

- Məsələn...

- “Ludoqorets”in adını çəkə bilərəm. İlk oyunda onlara 0:4 hesabı ilə uduzmuşduq. Onu da deyim ki, “Ludoqorets” və “Qarabağ” komandaları arasında oxşarlıq var: “Qarabağ” kimi “Ludoqorets” də məşhur olmayan, amma çox güclü braziliyalı və ispan futbolçulara sahib idi.

- “Qarabağ”la görüşdə daha çox hansı komponentdə rəqibdən geri qalırdız?

- Texnika və top saxlamaq bacarığına görə rəqib bizdən qat-qat üstün idi.

- “Düdelanj” nəyə arxalanıb, cavab matçında yaxşı nəticəyə ümid edəcək?

- “Qarabağ”la ilk oyunun ikinci hissəsinə. Fasilədən sonra biz bir qədər yaxşı oynadıq. İkinci hissədə baş məşqçimiz də az əsəbləşdi. Bir də belə oyunlarda ilk qoldan çox şey asılıdı.

- “Qarabağ”ın “Düdelanj”dan güclü olduğunu bilə-bilə matça necə köklənmişdiz?

- Əsas ona düşünürdük ki, yaxşı müdafiə olunaq. Əlimizdən gələni etdik. Amma rəqibin keyfiyyətli oyunçularının çoxluğu özünü göstərdi. Kağız üzərində biz 4-2-3-1 taktiki sxemi ilə oynayırdıq. Lakin bəzi futbolçularımız fikirlərini daha çox müdafiəyə ayırmışdılar.

- Necə düşünürsüz, Dino Topmöllerin rəhbərliyi altında komanda hansı səviyyəyə çatacaq?

- Ötən mövsümlə müqayisədə, heyətdə daha çox futbolçu var. Bütün bunlar daha yaxşı nəticəyə imza atmaq üçün hesablanıb. Baxımlı oyun göstərmək lazımdı. Məşqçi bunun üçün çox çalışır, işin böyük qismi onun üzərinə düşür. Topmöller təzyiq altında keçirdiyimiz matçlarda da bizdən baxımlı oyun tələb edir.

- Yeni transferlər Mario Pokar və Dominik Stolz barədə nə düşünürsüz?

- Yalnız onu deyə bilərəm ki, hər ikisi yaxşı futbolçudu və biz artıq bunu görürük.

0
11