Ukrayna prezidenti Milli Məclisdə

Ukrayna prezidenti Milli Məclisdə

O, Oqtay Əsədovla görüşüb.

Ukrayna prezidenti Petro Poroşenko Azərbaycana səfəri çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Poroşenko Ukrayna-Azərbaycan əməkdaşlığının intensivləşdirilməsi, Prezidentlər Şurasının işinin bərpası və bir sıra ortaq layihələrin həyata keçirilməsinin müsbət nəticələr verəcəyinə ümid etdiyini bildirib:

“Bu, optimizm vəd edir və biz münasibətlərin gələcəyinə arxayınıq”.

Prezident Ukrayna-Azərbaycan parlamentlərarası dialoqunun vacibliyini diqqətə çatdırıb.

O.Əsədov isə iki ölkə arasındakı münasibətlərin yüksək potensialı olduğunu söyləyib:

“Şadam ki, parlamentlərdə dostluq qruplarımız var. Parlamentlərarası əlaqələr əsasən onlardan asılıdır”.

Milli Məclisin sədri Ukrayna və Azərbaycan parlamentarlarının beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinə də diqqət çəkib. Görüşdə xüsusi diqqət ərazi bütövlüyü məsələsinə yönəldilib. Oqtay Əsədov Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəklədiyini vurğulayıb:

“Ümid edirəm ki, ədalət zəfər çalacaq və ölkələrimiz ərazi bütövlüyünü bərpa edəcək”.

Tərəflər ATƏT PA, Avropa Şurası və digər beynəlxalq strukturlarda qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi zərurətini də qeyd ediblər.

0
12