Azərbaycan cəbhəyanı xətdə sədd ucaldacaq

Azərbaycan cəbhəyanı xətdə sədd ucaldacaq

Konstruksiyalar Qaradağlı və Qapanlı kəndlərində inşa ediləcək.

Azərbaycan hakimiyyəti Tərtər rayonunun bir neçə kəndində yerli sakinlərin erməni atəşindən müdafiəsi məqsədi ilə daş-beton sədd ucaltmağı planlaşdırır.

Oxu.Az “İnterfaks”a istinadən xəbər verir.

Bununla əlaqədar Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyi səddin inşasının podratçısının müəyyən edilməsi üçün sorğu keçirir.

Sədlər cəbhə xəttindən 3 km uzaqlıqda yerləşən Qaradağlı və Qapanlı kəndlərində inşa ediləcək.

Sədlərin inşası Azərbaycan dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.

Daha öncə məlumat verildiyi kimi, Tərtər rayonunun bir sıra kəndlərinin sakinləri 2016-cı ilin aprel ayında Ermənistan SQ tərəfindən intensiv atəşə məruz qalıblar. Qarabağ münaqişəsinin ərazisində Azərbaycanın dinc əhalisi arasında ölənlərin sayı 2016-cı ilin 2-28 aprel tarixində 6 nəfərdir, azyaşlı uşaqlar daxil olmaqla onlarla insan müxtəlif dərəcəli xəsarətlər alıblar.

Ermənilərin atəşi nəticəsində Tərtər rayonunda 162 ev ciddi ziyan görüb, onlardan bəziləri tamamən dağılıb.

Bununla yanaşı, qoşunların təmas xətti istiqmətində yerləşən yaşayış məntəqələrində əkin sahələrinə, eləcə də kommunal obyektlərə - elektrik, su, yol təsərrüfatlarına, rabitə və qaz xəttlərinə ciddi zərər dəyib.

0
18