Azərbaycanlı futbolçunun qatilinə hökm oxudu

Azərbaycanlı futbolçunun qatilinə hökm oxudu

Güləşçi futbolçuya ən azı üç bıçaq zərbəsi vurub.

Yekaterinburqun Çkalov rayon məhkəməsi qarışıq güləş növləri üzrə idman ustalığına namizəd Tiqran Çiçakyana hökm oxuyub. O, azərbaycanlı futbolçu Emil Hüseynovun qətlində təqsirkar bilinib.

Oxu.Az bu barədə ekburg.tv-ə istinadən xəbər verir.

Xatırladaq ki, Çiçakyan və Hüseynovun görüşü Alpinistlər küçəsində yerləşən “U Saşi” kafesində olub. İdmançılar arasında mübahisə düşüb, nəticədə mübahisə bıçaqlanmaya gətirib çıxarıb.

Müstəntiqlər müəyyən ediblər ki, güləşçi futbolçuya ən azı üç bıçaq zərbəsi vurub.

Aldığı yaralardan Emil Hüseynov hadisə yerində ölüb.

“İlkin olaraq müəyyən edilib ki, hadisə nəticəsində kafedə olan müştərilərdən biri də zərər çəkib, o, dalaşanların yanında olduğu üçün xəsarətlər alıb. Həmçinin müəyyən edilib ki, münaqişə məişət xarakterli olub, dalaşanlar içkili olublar”, - o zaman baş verən hadisə regionun İstintaq idarəsindən belə şərh edilmişdi.

Sübutlar nəticəsində Tiqran Çiçakyan “Qətl” maddəsi ilə təqsirkar bilinib və o, cəzasını ciddi rejimli koloniyada çəkməklə doqquz il müddətinə azadlıqdan məhrum edilib, Sverdlovsk vilayətinin prokurorluğunun mətbuat xidməti bildirib.

Məhkəmə qərarı qanuni qüvvəyə minməyib, bu isə proses tərəflərinin apellyasiya şikayəti vermək imkanı olduğunu göstərir.

0
15