Komitə sədri: Vətəndaşlar güzəştlərdən sui-istifadə edir

Komitə sədri: Vətəndaşlar güzəştlərdən sui-istifadə edir

Gələn aydan tətbiq olunacaq qaydalar saxtakarlıqların qarşısını alacaq.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda dəyişikliklər edilməsi barədə qərarına münasibət bildirib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, komitə sədri bu dəyişikliklərin əsas məqsədinin nizam-intizam yaratmaq və ölkə iqtisadiyyatına, dövlət büdcəsinə vurulan zərərin qarşısını almaq olduğunu bildirib:

“Yeni dəyişikliklərə əsasən, ölkəyə gətirilən ərzaqlar üçün limit 30 kiloqramadək qaldırılıb. Biz dəfələrlə mətbuat vasitəsilə bununla bağlı açıqlamalar vermişik, amma yenə də təəssüf hissi ilə qeyd edirəm ki, bizim vətəndaşlarımız verilən imtiyazlardan sui-istifadə edirdi. Bu, daha çox sərhəd bölgələrinin əhalisinə aiddir. Hər dəfə 3 blok siqaret, 3 litr spirtli içki, 10 kiloqram ərzağın gətirilməsinə icazə verilirdi.

Təəssüflər olsun ki, bəzi vətəndaşlarımız az qala hər gün bu işlə məşğul olurdu. Hətta bəziləri neytral ərazi deyilən yerdən bu məhsulları toplayırdı və ölkə ərazisinə vergi ödəmədən gətirirdi. Hətta gömrük-sərhəd məntəqələrində ictimai asayişi pozanlar da var idi. Nazirlər Kabinetinin son qərarı çox gözəl şəkildə bunu tənzimləyir”, - deyə A. Əliyev bildirib.

Qeyd edək ki, qaydalar fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycanın gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını müəyyən edir.

İndiyə qədər Azərbaycanın gömrük ərazisinə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilib. Dəyişikliyə əsasən bu sahədə məhdudiyyət müəyyənləşdirilib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

0
6