İlhamənin oğluna ŞOK ittiham: "Həyat yoldaşımı gecə evində girov saxlayıb"

İlhamənin oğluna ŞOK ittiham: "Həyat yoldaşımı gecə evində girov saxlayıb"

Tofiq Hüseynov: “Orxan və onun dostu həyat yoldaşımı gecə saat 2-ə qədər evində girov saxlayaraq...”

Lent.az-ın musavat.com-a istinadən məlumatına görə, bir müddət əvvəl dünyasını dəyişmiş xalq artisti İlhamə Quliyevanın həbsdəki köməkçisi Mehriban Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib. T.Hüseynov müraciətində bir daha vurğulayır ki, həyat yoldaşı İ.Quliyevanın sifarişi əsasında, Xətai Rayon Məhkəməsinin qərarı ilə CM-nin 29.180.3.2 absurd maddəsi ilə təqsirli bilinərək həbs edilib.

T.Hüseynov müraciətində bildirir ki, Mehriban Hüseynova İ.Quliyevanın özünə məxsus bütün sahələr üzrə şəxsi köməkçisi olub: “Yoldaşım onun hegemonluğuna, özündənrazı xasiyyətinə, hərəkət və davranışlarına dözməyərək ağır əməliyyatdan sonra səhhəti düzələn kimi işdən azad olunmasını istəyib. O, isə qərəzli cavab verib, oğulluğu Orxan və dostu Vüqarın əsassız materiallarını əlində sübut tutaraq polis orqanlarına müraciət edib. İlhamə Quliyeva ictimai nüfuzundan və cəmiyyətdə tutduğu mövqeyindən istifadə edərək yalan və şər ittihamlarla həyat yoldaşımı həbs etdirməyə nail olub. Belə ki, ilk əvvəl guya Mehriban Hüseynovanın onu öldürməyə cəhd etdiyini bildirərək polis orqanlarına müraciət edib. Araşdırma zamanı ittihamların tam əsassız olduğunu görüb, çıxış yolu kimi guya ona bihuşedici dərmanlarla təsir göstərməklə iradəsi əleyhinə əmlakını yoldaşıma vəsiyyət etməsinə imza etdirməklə soyğunçuluğa cəhd etmək iddiasını irəli sürdü. Bu ittihamlar əsassız və məntiqsiz olaraq prosessual normativ aktların kobudcasına pozulmasıdır. Çünki İlhamə Quliyevanın iradəsinə zidd olaraq imza edəcəyi heç bir sənəd mövcud deyil və yoldaşımın xeyrinə imza etdiyi heç bir əqd yoxdur. CM-nin 125. 6-cı maddəsinə əsasən müvafiq hal üzrə verilmiş cinayət yalnız şikayət faktını təsdiq edir, istintaq materialında sübut üçün dəyərləndirilə bilməz. Belə ki, İlhamə Quliyevanın istintaq orqanına verdiyi şikayət qanun baxımından heç bir sübutu əhəmiyyət kəsb etmir. Yoldaşımın onu zəhərləməyi və ya bihuşedici dərmanlar verməyi ekspert rəyində öz əksini tapmayıb. İstintaq yalnız İlhamə Quliyevanın və ona kömək olan 5 nəfər şəxsin təzyiqi ilə öz evində yoldaşımın etmədiyi əməli  işgəncələrə məruz qoyaraq etiraf etməyini telefonla çəkdirib və sonradan həmin video TV və internet vasitəsilə yayılıb.

CM-nin 126.6-cı maddəsinə əsasən  şəxsin öz təqsirini etiraf etməsi ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. İlhamə Quliyeva “Ailə məhkəməsi” təşkil edərək öz yaxınları və tanışları olan Aida Yeqanova, Kəmalə Rüstəmova, Orxan Nadirov, Vüqar Bağırov, Faiq Ələkbərlinin iştirakı və köməkliyi ilə özünəməxsus şəkildə  yoldaşıma hədə-qorxu gəlməklə şəxsiyyəti alçaldan şəkildə ondan üzr istəməyini təşkil edib.

Bu hadisəni Faiq Ələkbərliyə çəkdirərək görüntüləri, həyat yoldaşımın şərəf və ləyaqətini alçaldılması səhnəsini TV-lərdə yayılması yolu ilə təkrar olaraq qanunsuzluğa imza atıb.  Bundan başqa İlhamə Quliyeva oğulluğu Orxan və onun dostu Vüqarla birlikdə yoldaşımı gecə saat 2-ə qədər evində girov saxlayaraq ağır işgəncə veriblər, döyüblər, təhqir edərək bıçaqla xəsarət yetiriblər. Bundan əlavə həmin şəxslər gecə radələrində yaşadığımız evin qarşısında yoldaşıma hücum ediblər. Bunu görən qonşu və hal şahidləri istintaq tərəfindən indiyə qədər dindirilməyib, ifadələri alınmayıb.

Bu faktlar barəsində dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsək də, baxılmayıb, heç bir qanuni tədbirlər görülməyib. İlhamə Quliyevanın yüksək vəzifəli himayədarlarının olması səbəbindən istintaq kobud qanun pozuntularına yol verərək yoldaşımı etmədiyi cinayət əməlində təqsirkar etməklə öz işini yerinə yetirmiş hesab edir.

Bildirirəm ki, yoldaşımın 9 aydır qanunsuz həbsdə saxlanılmağında istintaq orqanı CM-nin 28.5, 33.3, 124. 2.1, 125. 2.7, 139. 0.4, 141. 1.1, 145.3, 146.1 və digər maddələrinin tələbini kobud şəkildə pozur. Yoldaşıma elan olunmuş ittihamın tam əsassız  və məntiqsiz olduğunu bildirirəm. CM-nin 121-ci maddəsini əsas götürüb bir daha müraciət edərək bu işin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsini və yoldaşımın azadlığını tələb edirəm.  Həmçinin ittihama əsasən yoldaşımın guya tərtib etdiyi (əslində vəsiyyətnamə forması Vüqar və Məsmə ləqəbli qadın tərəfindən Orxanın sifarişi ilə gətirilibdir) öz xeyrinə İlhamə Quliyevanın əmlakını ələ keçirmək məqsədilə olan vəsiyyətnamə aşkar olunaraq xətti ekspertizaya göndərilsin. Bununla bağlı yoldaşıma verilmiş ittiham əsassızdır.

Ona görə ki, mülki məsələnin tələbinə görə notariat qaydada təsdiq edilməmiş vəsiyyətnamənin məhkəmə predmeti yoxdur. Bu səbəbdən də yoldaşımın vəsiyyətnamə tərtib etmək cəhdi məntiqsizdir. Bundan əlavə yoldaşıma qarşı alçaldıcı təhqir və işgəncə verməklə xəsarət yetirmiş, sonra isə öz çirkin əməllərindən həzz alaraq bu alçaldıcı kadrların görüntülərini yayan şəxslər barəsində CM-nin müvafiq maddələrilə araşdırma başlansın. İ.Quliyevanın cəmiyyət içində xarakterini, digər şəxslərə qarşı fərdi hegemon davranışını nəzərə alaraq yoldaşıma qarşı etdikləri aşkar sübuta yetirilə bilər.

Bir daha bildirirəm ki, Mehriban Hüseynovanın bir qardaşı şəhid, bir qardaşı isə Qarabağ əlili olaraq ağır xəstədir. Yoldaşım dövlətin bəzi güc məmurlarının biganəliyinin qurbanı olub. Hüquq-mühafizə orqanlarından və ictimaiyyətdən xahiş edirəm ki, yoldaşımın əsassız olaraq cəza çəkməyinin qarşısının alınmasında köməkliyinizi əsirgəməyəsiniz. Güclülərin haqsız təzyiqinə məruz qalmış tənha, köməksiz bir Azərbaycan qadınına, şəhid bacısına kömək edəsiniz".

0
14