Qurban Qurbanov: “Komanda optimaı formasından hələ uzaqdı”

Qurban Qurbanov: “Komanda optimaı formasından hələ uzaqdı”

“Rəqib bizimlə oyuna ciddi hazırlaşmışdı. İlk hissədə qolları vaxtında vurduq. Amma ikinci hissədə tam olaraq istədiyimizi edə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində bu gün keçirilən “Qarabağ” – “Düdelanj” görüşü ev sahiblərinin qalibiyyəti ilə başa çatıb – 2:0.

Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında görüşlə bağlı fikirlərini bölüşün: “Bu komandada alman nizam-intizamı var. Məğlub olsalar da, sona qədər mübarizə apardılar. Bizim üçün çətin rəqibdilər. Fiziki cəhətdən güclü oyunçuları çoxdu. Səfərdəki stadionun durumunun necə olduğunu bilmirik. Bu qələbəyə görə isə futbolçularımı təbrik edirəm. Biz də öz oyun intizamımızdan əl çəkmədik. Belə komandalara top versək, bizim üçün daha çətin olar. İlk hissədə bir neçə əks-hücum qurdular. Çalışmalıyıq ki, cavab oyununda da səhvsiz oynayaq və növbəti mərhələyə adlayaq”.

- İkinci hissədə bir qədər tempi aşağı saldınız. Bu, sizin tapşırığınız idi?

- Yox, futbolçulara belə tapşırıq verilməmişdi. Komanda optimaı formasından hələ uzaqdı. Tam forma yığmaq üçün bir neçə oyun keçirməyimiz lazımdı. Rəqibin intizamından əl çəkməməsi bizi oyunun tempini aşağı salmağa məcbur etdi. Hücumlarımızı istədiyimiz kimi qura bilmirdik. Amma yenə də tələsmədən qolumuzu axtarırdıq. Bu elə bir turnirdi ki, iki oyunun nəticəsinə görə qalib müəyyənləşir. Odu ki, səbrli olmaq lazımdı.

- “Qarabağ”ın 3 futbolçusu bu gün sarı vərəqə aldı. Bu rəqəm çox deyilmi?

- Düz qeyd etdiniz. Yadıma gəlmir ki, son vaxtlar bu qədər sarı vərəqə nə vaxt almışıq? Ancaq buna rəqibin oyunu məcbur etdi. Rəqibin əks-hücumunun qarşısını kəsmək istəyərkən sarı vərəqələr aldıq.

- Əlhərbi Jadeyui və Arif Daşdəmirova bu gün şans verməməyinizin səbəbi nə idi?

- Mənim imkanım olsa, hamıya şans verərdim. Bütün oyunçular, həmçinin Ariflə Əlhərbi oynamağa layiq idilər. Bu turnir elədi ki, burda tez-tez oyunçu dəyişikləri olur. Gələn matçda ola bilsin, digər futbolçulara da şans verdim.

- Cavab oyununda bu rəqibin “Qarabağ”a 3 qol vurması realdımı?

- Futbol bu gün elə bir səviyyəyə gəlib çatıb ki, hər bir nəticəni gözləmək lazımdı. Futbolçulara həmişə “Gefle” – “Olimpiakos” matçını misal gətirirəm. Rəqibin oyun üslubu elədi ki, bizə 2 qol vura bilərlər. Əlbəttə ki, biz meydana arxayın çıxsaq. İnşallah, bu olmaz. Biz uşaqları səfər görüşündə də qalib gəlmək üçün motivasiya edəcəyik. Futbol elə bir oyundu ki, sürpriz nəticələrlə doludu. İnşallah, bu bizdən uzaq olar. Çox ehtiyatlı olmalıyıq.

- Üçüncü mərhələdəki potensial rəqiblərinizə nəzər yetirmisiz?

- Xeyr, nəzər yetirməmişəm. Üçüncü mərhələdə oynamaq üçün əvvəlcə bu mərhələni keçməliyik. Mən diqqətimi “Düdelanj”la keçiriləcək cavab matçına yönəltmişəm.

0
18