Ekoloqlar “Neft Daşları” ilə bağlı həyəcan təbili çalır

Ekoloqlar “Neft Daşları” ilə bağlı həyəcan təbili çalır

Mədən sahələrində dənizin çirklənməsinin səbəblərindən biri də quyularda aparılan təmir işləridir.

“Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft-qazçıxarma idarəsinin (NQÇİ) estakadayanı və ayrıca meydançalarında formalaşan məişət-fekal tullantı suları təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa Xəzər dənizinə axıdılır.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində bildirilib. Bülletendə qeyd olunub ki, dənizdən götürülən su yanğından mühafizə xətləri sistemində və başqa məqsədlər üçün istifadə olunur:

“Lakin quyularda əsaslı təmir və quyuların yuyulması zamanı istifadə olunan dəniz suyunun hesabatı aparılmır. NQÇİ ərazisində yerləşən A2600 (HS) qurğusu vasitəsilə bərk məişət tullantıları (6,7 t/ay) yandırılır və tullantı qalıqları xüsusi konteynerlərdə saxlanılır”.

Bülletendə bildirilib ki, keçirilən monitorinq zamanı NQÇİ-nin mədən ərazilərində ekoloji vəziyyətin qənaətbəxş olmaması müəyyənləşib:

“Ən çox ekoloji çirklənmə halı isə 1 və 2 saylı ilkin neftyığma məntəqələrində qeydə alınıb. İlkin neftyığma məntəqələrinin istismar müddəti bitdiyindən hazırda qəzalı vəziyyətdədir. Mədən ərazilərində hasil olunan maye 1 və 2 saylı ilkin neftyığma məntəqələrində toplanır. Toplanan mayedən ayrılmış lay suyu nasoslar vasitəsilə təyinatı üzrə vurulsa da, 1 saylı ilkin neftyığma məntəqəsində nasosdan axan lay suyunun birbaşa dənizə atılması faktı müşahidə olunub”.

Bülletendə qeyd olunub ki, NQÇİ-nin 516 saylı meydançasındakı quyulara qazın nəqli (sıxılması) zamanı istifadə olunan nasoslardan atmosferə qazın sızması və meydançaların işlənmiş mühərrik yağları ilə çirklənməsi müşahidə edilib:

“NQÇİ-nin mədən sahələrində dənizin çirklənməsinin səbəblərindən biri də quyularda aparılan təmir işləridir. 2272 saylı quyuda aparılan təmir işləri zamanı formalaşan neftli mayenin birbaşa dənizə atıldığı monitorinq zamanı tərəfimizdən müşahidə edilib”.

0
25