Gömrük Komitəsindən ölkəyə mal gətirilməsi ilə bağlı VACİB AÇIQLAMA

Gömrük Komitəsindən ölkəyə mal gətirilməsi ilə bağlı VACİB AÇIQLAMA

Dövlət Gömrük Komitəsi Nazirlər Kabinetinin 8 iyul tarixli qərarı ilə bağlı geniş açıqlama verib. Lent.az komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda edilmiş dəyişikliklər Dövlət Komitəsinin təklifləri əsasında hazırlanıb: “Məlumdur ki, Azərbaycan Respublikasının daxili və xarici siyasətinin tərkib hissəsi olan vahid gömrük siyasətinin əsas məqsədi öz səlahiyyətləri daxilində Azərbaycanın iqtisadi mənafeyinin, təhlükəsizliyinin, daxili bazarının qorunmasında, dövlətin iqtisadi siyasətindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsində iştirak etməkdən ibarətdir.

Aparılmış iqtisadi təhlilin nəticəsi olaraq müəyyən edilib ki, son illər fiziki şəxslərin özləri tərəfindən, gömrük ərazisinə gətirilən malların ayrı-ayrı kənar şəxslərin adına rəsmiləşdirilərək Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsinə cəhd göstərilir ki, bu da öz növbəsində həmin mallar üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərindən yayınma, həmçinin qeyd olunan malların qaçaqmalçılığı hallarını artırır.

Bununla yanaşı, qeyd olunan malların fiziki şəxslər tərəfindən yuxarıda göstərilən qaydalarla müəyyən edilmiş hədlər daxilində idxalının həcminin  həddindən artıq artması ölkə daxili istehsala da mənfi təsir göstərir.

“Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları” Gömrük Məcəlləsinin 299.1-ci maddəsinin tələblərindən irəli gələrək qəbul edilib və fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını nizama salır.

Gömrük Məcəlləsinin 299.2-ci maddəsinin və yuxarıda qeyd olunan Qaydaların 1.5-ci bəndinin tələblərinə əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir.

Fiziki şəxslər tərəfindən güzəştli qaydada idxal olunmuş malların ticarət şəbəkələrinə yönəldilməsi hallarının çoxalması və nəticədə gömrük ödənişlərindən yayınmaqla qeyri-qanuni ticarətə meyllərin artması müvafiq qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə yuxarıda qeyd olunan qaydalara dəyişikliklər edilməsi zərurətini yaradıb.

Qaydalara edilmiş dəyişikliklər iki qrupa bölünür. Birinci qrupa dəyişikliklər fiziki şəxslər tərəfindən gömrük sərhədindən güzəştli və sadələşdirilmiş qaydada keçirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, ikinci qrupa dəyişikliklər isə  fiziki şəxslər tərəfindən gömrük ərazisinə müvəqqəti olaraq gətirilən avtonəqliyyat vasitələrinə aiddir.

Qeyd olunan qaydaların 2.1.2-ci, 2.1.10-cu, 2.1.11-ci və 2.1.12-ci yarımbəndlərinə edilmiş dəyişikliklər həmin qaydaların 1.5-ci bəndində nəzərdə tutulmuş “mütəmadilik” prinsipi nəzərə alınmaqla edilib. Dəyişikliyə əsasən fiziki şəxslər güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıdakı göstərilən malları hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirə bilərlər.

1. Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra - gömrük ərazisi) hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan malları;

2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 3 litr alkoqollu içkini, 600 ədəd siqareti və 20 qram qızılı, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarını, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazı;

  3. hər təqvim ayı ərzində bir dəfə 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsullarını;

 Yuxarıda qeyd olunan gömrük ərazisinə malların gətirilməsi ilə bağlı müddət məhdudiyyətləri  hava nəqliyyatı vasitəsilə gömrük sərhədindən keçirilən müşayiət olunan baqaja şamil edilmir.

Bu malların güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük ərazisinə gətirilməsi üçün həmin malların ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olduqda ümumi gömrük dəyərindən yuxarıda göstərilən məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçirilir.

Qaydalara edilmiş dəyişikliyə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş və güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük ərazisinə gətirilən yuxarıda qeyd olunan malların elektron sistem vasitəsilə uçotu Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilmiş qaydalara uyğun aparılacaq.

Qaydalara edilmiş digər dəyişiklik fiziki şəxlər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük ərazisindən güzəştli və sadələşdirilmiş qaydada aparılması ilə bağlıdır.

Belə ki, dəyişikliyə əsasən fiziki şəxlər hər təqvim ayı ərzində bir dəfə 5 kiloqrama qədər nərə cinsli balığı və 125 qrama qədər nərə cinsli balıq kürüsünü müşayiət olunan, o cümlədən müşayiət olunmayan baqajla gömrük ərazisindən apara və göndərə bilərlər.

Qaydalara edilmiş növbəti dəyişiklik fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən qiymətli metallar və qiymətli daşlarla bağlıdır.

Dəyişikliyə əsasən hər bir fiziki şəxs ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan qaydaların 2.1.10-cu yarımbəndində nəzərdə tutulmuş 20 qram qızılı, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarını, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazı gömrük orqanına şifahi surətdə bəyan etməklə gömrük ərazisinə gətirə bilərlər. Malların ümumi gömrük dəyəri göstərilən məbləğlərdən artıq olduqda isə qaydaların 1 nömrəli əlavəsinə 5-ci bəndinə uyğun olaraq yazılı surətdə gömrük orqanlarına bəyan olunmaqla, ümumi gömrük dəyərindən yuxarıda göstərilən məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla həmin malların sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsi həyata keçirilir.

Qaydalara edilmiş digər dəyişikliklər isə fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən nəqliyyat vasitələri ilə bağlıdır.

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin tələblərinə uyğun olaraq gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi digər sənədləri təqdim edən şəxs və onun nümayəndəsi onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir.

Belə ki, aparılmış araşdırma və təhlil nəticəsində müəyyən edilib ki,  qeyri-rezident fiziki şəxslər tərəfindən gömrük ərazisinə müvəqqəti gətirilmiş xarici ölkələrdə daimi qeydiyyatda olan XİFMN-ın 8703 və 8711 mal mövqələrinə aid Avro-4 ekoloji norma və standartlarına uyğun olmayan avtonəqliyyat vasitələri və onların qoşquları (yarımqoşquları) Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın tələblərinə uyğun olaraq geri aparılmalı və qaytarılmalı olduğu halda, həmin nəqliyyat vasitələri bəzi hallarda gömrük ərazisindən kənara aparılmır və yaxud  gömrük ərazisinə geri qaytarılmır.

Bu cür halların baş verməsi Gömrük Məcəlləsinə və yuxarıda qeyd olunan qaydalara əsasən gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsulları tətbiq edilmədən geriyə qaytarılma barədə  üzərinə öhdəlik götürmüş və gömrük ərazisinə nəqliyyat vasitəsini müəyyən müddətdə müvəqqəti gətirən qeyri-rezident fiziki şəxslər tərəfindən gömrük qaydalarının pozulmasına səbəb olur.

Ölkə ərazisinə müvəqqəti olaraq gətirilən nəqliyyat vasitələri ilə bağlı qaydalara edilən dəyişikliklər gömrük orqanları qarşısında öhdəlikləri olan fiziki şəxslər tərəfindən bu öhdəliklərin yerinə yetirilməsinə və bunun nəticəsində də hüquqpozma faktlarının azalmasına gətirib çıxaracaq.

“Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda edilmiş dəyişikliklər inkişaf etmiş ölkələrin gömrük işi sahəsində qabaqcıl təcrübəsi nəzərə alınmaqla ticarət-iqtisadi münasibətlərdə idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsinə, şəffaflığın artırılmasına,  Azərbaycan Respublikasının xarici ticarətinin və sahibkarlığın inkişafında, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi qaydalarına riayət edilməsinə və nəticədə çevik gömrük siyasətinin həyata keçirilməsinə əlverişli şərait yaradacaq”.

0
13