>Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru mükafatlandırıldı

>Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru mükafatlandırıldı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti Mübariz Həmidov milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə və 60 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

Oxu.Az xəbər verir ki, Mübariz Həmidov 12 iyul 1956-cı ildə Göyçay şəhərində anadan olub. 1975-79-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsində təhsil alıb.

1979-2000-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor, 2000-ci ildən 2006-cı ilin yanvar ayına kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi İncəsənət baş idarəsində (hazırda incəsənət şöbəsi) aparıcı mütəxəssis, baş mütəxəssis və baş məsləhətçi vəzifələrində çalışıb.

M.Həmidov 2000-ci ildə Azərbaycan teatr sənətinin inkişafındakı uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub.

2006-cı ilin yanvar ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru vəzifəsinə təyin edilib.

2011-ci ildə dünyanın 104 aparıcı ölkə teatrlarının üzv olduğu Beynəlxalq ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin prezidenti seçilib.

Azərbaycan və Rusiya teatrları arasında yaradıcılıq əlaqələrinin qurulması və daha da inkişaf etdirilməsi sahəsində yüksək təşkilatçılıq qabiliyyətinə və fəallığına görə M.Həmidov 2014-cü ilin mart ayının 27-də Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Fəxri adına layiq görülüb.

Aytən Sadıqzadə

0
17