16 yaşlı rejissorun çəkdiyi film təqdim edildi - FOTO

16 yaşlı rejissorun çəkdiyi film təqdim edildi - FOTO

İyulun 8-də 16 yaşlı rejissor Ayla Qasımzadənin "Amerika yoxdur" filminin təqdimatı keçirilib. Lent.az xəbər verir ki, bu maraqlı adın tarixçəsi və ümumilikdə filmin qayəsi haqda ssenari müəllifi Məsumə Əhəd məlumat verib:

“Filmi siqaret əleyhinə qısa film festivalına göndərmək üçün çəkmişik. Əvvəlcə düşünürdük ki, özümüz siqaret çəkmədiyimizdən ya ətrafımızda bu problemdən  əziyyət çəkən kimsə olmadığından, bu mövzuya laqeyd qalarıq. Odur ki, ilk mərhələdə Ayla ilə özümüzü bu bəlanın ciddiliyinə dair psixoloji baxımdan “qamçıladıq” – xeyli informasiya oxuduq.  Bu mövzuda çəkilmiş filmlərə baxdıq. Daha çox insanlara əxlaq dərsi verən, "siqaret çəksən, öləcəksən", "uşaqları zəhərləməyin" deyən ibrətamiz, ağıl öyrədən bir yanaşma var idi çoxunda... Düşünürəm ki, insan şüurlu varlıqdır və bədəni üzərində yeganə iqtidar sahibidir. Hər kəs özü üçün nəyin yaxşı, nəyin səhv olduğuna fərdi qərar verir. Siqaret də belə bir qərar, azad iradə və seçim aktıdır. Biz də insanlara əxlaq dərsi vermədən daha fərqli bir yanaşma ilə çıxış etmək, təhlükənin siqaretdə deyil, asılılıq, aludəlik halında olduğunu göstərmək qərarı aldıq. Zövq verən, həzz aldığın hər şeyin - yəni içki, siqaret, narkotik vasitələr, hansısa insan, pul, yemək, seks, musiqi, kitab, film, idman olsun - üzərində idarəni itirəndə asanlıqla onun quluna çevrilə bilirsən. Bir səhər oyanıb o çox sevdiyin, həyatının mərkəzinə qoyduğun şeyi tapmaya bilərsən. Bu zaman aludəlikdən əziyyət çəkməyə başlayırsan; həzz asanlıqla əzaba çevrilir”.

A Qasımzadə rejissoru olduğu film barəsində bunları deyib: “Film üçün "Siqaret deyil, asılılıq öldürür!” sloqanının seçdik. Niyə Amerika – deyə soruşa biləriniz... Axı tütünün vətəni məhz Amerikadır. Bizin filmin qəhrəmanı isə bir gün səhər gözünü açaraq, yalnız siqaretin deyil, hətta Amerikanın belə hələ kəşf olunmadığını görür. Amma çifayda, – Məsumə düz qeyd etdi, bu asılılıq sənin yalnız qanında deyil, beynindədirsə, bitdi, sən onun qulusan və sonun da labüddür...Əgər sən asılılıqlara meyllisənsə, o zaman siqaret olmasa belə, başqa kabus tapacaqsan həyatında...”

Qısametrajlı filmdə Vasif Vaqifoğlu, Cahid Məmmədov, Elvin Abdullayev, Kənan Məmmədli və digərləri çəkiliblər.

0
15